Neft düşür, reytinqimiz qalxır: niyə? – TƏHLİL

Neft düşür, reytinqimiz qalxır: niyə? – TƏHLİL
  10 Noyabr 2015    Oxunub:3267
Dövlət gəlirləri karbohidrogenlərin satışından asılı olan ölkələr sırasında Azərbaycan yeganə ölkədir ki, qiymətlərin 2 dəfədən çox aşağı düşməsinə baxmayaraq, nəinki mövcud makroiqtisadi sabitliyini qoruyub saxlaya bilib, hətta beynəlxalq reytinqlərdə mövqeyini də yaxşılaşdırır.

Bugünlərdə Böyük Britaniyanın məşhur analitik mərkəzi Legatum Institute tərəfindən 2015-ci il üçün tərtib edilmiş reytinqdə Azərbaycan dünya ölkələri sırasında 71-ci yeri tutub. Bu, keçən ilki göstəricilər ilə müqayisədə 8 pillə irəlidir. Ümumən isə, ölkəmiz reytinqdə 2012-ci ildə tutduğu 94-cü yerdən 2015-ci ildə 71-ci yerə qalxaraq, 23 pillə yüksəlib. Bu da Cənubi Qafqaz ölkələri sırasında ən yaxşı göstəricidir.

Lakin ən diqqəti çəkən isə bundan bir az əvvəl “Doing Business -2016”-ya əsasən ölkəmizin 100 mümkün xaldan 67,8 toplayaraq 63-cü yeri tutduğu haqda xəbər oldu. Belə ki, “Doing Business” hesabatı Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2003-cü ildən hər il hazırlanır. Və burada ölkələr üzrə biznesin tədbiqi sahəsində bir sıra göstəricilər baxımından əlverişlilik səviyyəsi nəzərdən keçirilməklə, bu sahədə mövcud vəziyyət qiymətləndirilir.

Həmin göstəricilərə isə müəssisələrin qeydiyyatı, tikintiyə icazənin alınması, elektrik enerjisinə qoşulma, mülkiyyətin qeydiyyatı, kreditləşdirmə, sərmayənin qorunması, vergiyığımı, xarici ticarət, müqavilələrin icrasına təminat, həmçinin iflas kimi məsələlər daxildir.

Bu il sözügedən hesabata - “Doing Business -2016”-ya əsasən, ölkəmizin 100 mümkün xaldan 67,8 xal toplayaraq məhz 63-cü yeri tutması gözlənilməz oldu. 2015-ci ildə 80-ci, 2014-ci ildə isə 70-ci yerdə idik. Yəni, ətrafda kəskin iqtisadi böhran və maliyyə qıtlığı hökm sürdüyü vaxtda 17 pillə irəliləmək böyük nailiyyət hesab olunur.

Ən diqqəti çəkən isə hesabatda bilavasitə “Biznesə başlama”da 5, “Tikinti üçün icazələrin alınması”nda 36, “Kiçik investorların maraqlarının qorunması”nda 15, “Elektrik təchizatı şəbəkələrinə qoşulma”da 49, “Xarici ticarətin aparılması”nda isə 72 pillə irəliləməyimizdir. Bəs, bütün bunlar nəylə əlaqədardır və konkret nəyi göstərir?

Hər şey sözsüz, ölkədə həyata keçirən islahatların və görülən işlərin nəticəsidir. Ümumiyyətlə, istər Dünya İqtisadi Forumunun, istərsə də “Doing Business” kimi beynəlxalq hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə irəliləmək üçün biznes mühiti durmadan yaxşılaşdırılmalı, mövcud qanunlar təkmilləşdirilməli, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli istiqamətində islahatlar fasiləsiz xarakter daşımalıdır.

Çünki rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsinin dərinləşdirilməsi, insan kapitalının yaxşılaşdırılması və yeni iqtisadi artım mənbələrinin yaradılması kimi tədbirlər məhz sahibkarlıq fəaliyyətini genişləndirməkdən və bunun üçün zəruri olan şəraiti inkişaf etdirməkdən keçir.

Ancaq bu isə təkcə, sahibkarlığı stimullaşdırmaqdan, qeydiyyatdan və ilkin fəaliyyət üçün hər hansı problemlərin yaranmasının qarşısını almaqdan, maliyyə dəstəyi, vergiyığımının səmərəli təşkili, beynəlxalq ticarət və müqavilələrin icrası kimi məsələlərdən ibarət deyil.

Sahibkarları dəstəkləməyə hər zaman ehtiyac olduğundan müvafiq hökumət strukturları tərəfindən lazımsız və yersiz yoxlamalara yol verməmək, inzibati müdaxiləyə, məmur himayəçiliyinə son qoymaq da həlli vacib sayılan məsələlərdən hesab olunur. Bu mənada, “Doing Business-2016” hesabatında cari ildəki sıçrayışımızda məsələn, sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin bu ilin mart ayının 3-ü tarixində imzaladığı Fərman mühüm əhəmiyyət kəsb etmişdir.

Həmin Fərmana əsasən, ölkədə sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı, tikintiyə icazənin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi kimi məsələlərin həllində əhəmiyyətli irəliləyiş əldə olundu.

Bu mənada Prezident İlham Əliyevin təşəbbüsü nəticəsində Milli Məclisdə qəbul edilən və artıq, bu ayın əvvəlindən qüvvəyə minən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna görə yoxlamaların qarşıdakı 2 il müddət ərzində dayandırılması daha böyük müsbət nəticələr verəcək. Və bu addım “Doing Business-2017” hesabatı üzrə də bir neçə pillə irəliləyəcəyimiz üçün əsas olacaq.

Bu yerdə bir az əvvəl BVF-nin dünya iqtisadiyyatında artımı azaltdığı halda ölkəmizdə bu sahədə əksinə nəticənin əldə olunacağı haqda gözlənti irəli sürməsini xatırlamaq da yerinə düşər. Söhbət, 3,4 % bənd artımdan gedir. Yəni, ilin sonuna Azərbaycanda 4% iqtisadi artım olmalıdır. Halbuki, hökumət proqnozunu azaldıb. Ümumiyyətlə, Azərbaycan hökuməti 2015-ci il üçün bir çox makroiqtisadi gözləntilərini dəyişərək əvvəl nəzərdə tutduğu rəqəmləri kiçildib.

Lakin beynəlxalq maliyyə qurumlarının ölkəmizə dair proqnozlarını müsbətə doğru dəyişməsi başadüşüləndir, o mənada ki, onlar ilin əvvəlində Azərbaycanda iqtisadi sahədə tarazlığın kəskin şəkildə pozulacağını gözləyirdilər. Ancaq bu, baş vermədi. Bir çox ölkələrdə il ərzində bir neçə dəfə devalvasiyaya gedilsə də, büdcə kəsiri ilin ortasında dərinə işləsə də, kəskin inflyasiya amilləri müşahidə edilsə də bizdə bunların heç biri qeydə alınmayıb.

Yəni, ilin əvvəlində manat ABŞ dollarına nəzərən 34% ucuzlaşdırıldıqdan sonra makroiqtisadi tarazlıq pozulmayıb. Ümumi daxili məhsul istehsalında artım öz inkişaf tempində qalır. Xüsusən də, qeyri-neft sektorunda müvafiq tendensiya dəyişməyib.

Bütün bunlar isə nəinki cari ilin sonuna, 2016-cı ildə də müsbət dinamika barədə gözlənti irəli sürməyə imkan verir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti