Ermənistanda yeni Hələb şəhəri tikilir

Ermənistanda yeni Hələb şəhəri tikilir
  24 İyun 2013    Oxunub:3713
Ermənistan hökuməti erməni əsilli suriyalı qaçqınlar üçün yeni şəhər salır.
Suriyadan qaçan ermənilərin Ermənistanda özlərini evlərindəki kimi hiss etmələri üçün Yeni Hələb adlı məhəllə salınır. Hökumət artıq müvafiq proqramı təsdiq edib. Bu barədə AzVision.az erməni mətbuatına istinadən xəbər verir.

Yerevandan cəmi 20 km məsafədə yerləşən Yeni Hələbdə Suriyadan qaçmış erməni əsilli qaçqınların bir hissəsi yerləşdiriləcək. Nə üçün bir hissəsi deyə sual etsəniz, bilin ki, onların əksəriyyəti bizim işğal altında olan torpaqlarımızda yerləşdirilib. Daha doğrusu bu proses hələ də davam edir.

Ermənistanın Diasporalarla İş Nazirliyi Aştarak ərazində yerləşən Yeni Hələbdə ev sahibi olmaq üçün 600 ailənin müraciət etdiyini bildirib. Gözlənildiyi kimi, inşa ediləcək evlər üçün lazım olan vəsaitin bir hissəsini qaçqınlar özləri, yerdə qalan hissəsini isə Ermənistan hökuməti və xeyriyyə təşkilatları ödəyəcəklər.

7 minə yaxın Suriya ermənisinin Ermənistanda qalmaq niyyətində olduqlarını nəzərə alsaq, ölkədə yeni-yeni “suriya məhəllələrinin” yaranacağını demək olar. Necə ki, yuxarıda qeyd etdiyimiz kimi bizim torpaqlarda belə məhəllələr salınıb.



Həmin məhəllələrin müvəqqəti sakinləri guya “ata-baba” torpaqlarına qayıtdıqları üçün xeyli “məmnundur”lar. Hətta özlərini bu torpaqlarda heç qaçqın kimi hiss etmirlər də. Bəziləri artıq özlərinə biznes qurub. Raffi Asmaryan kimi.



Ermənistana yeni gələndə mütləq Suriyaya geri qayıtmaq arzusu ilə yaşayan qızıl alverçisi Asmaryan Şuşanın gözəlliyini görəndən sonra fikrindən daşınıb. Orada özünə ev tikib, yeni “biznes” qurub-şirniyyat mağazası açıb. Şuşadakı erməniləri Suriya mətbəxindən oğurladığı reseptlər əsasında hazırladığı təamlara qonaq edir.



Üstəlik kafe-mağazasının adı nə olsa yaxşıdır? –Börək! Bəli, bildiyimiz türk börəyi. Bu isə Asmarianın bir vaxtlar Türkiyədə yaşamış bacısı Maralın “başının altından çıxıb”.



Şuşada yaşayan suriyalı ermənilərin arasında xalçaçılıqla məşğul olanları da var. Onlar isə bazara çıxardıqları Suriya -ərəb naxışları ilə işləyib hazırladıqları xalçaları erməni mədəniyyətinin bir nümunəsi kimi təqdim edirlər.



Ermənilərin Berdzor adlandırdıqları Laçın şəhərində isə 23 suriya-ermənisi ailəsi (71 nəfər) məskunlaşıb. ( Laçın rayonunda ümumilikdə 8 min 500 erməni yerləşdirilib-red.) Onların əksəriyyəti Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Qamışlı şəhərindən qaçanlardır.



Vardan Pogosyanın ailəsi də onlardan biridir. Ailə üzvlərinin hər biri işlə təmin olunub. Və bu yaxınlarda yeni evlə təmin olunacaqlar.



“Məhz Qarabağa gəlməyi özüm istəmişəm. Bura Avropadan, Amerikadan da yaxşıdır. Çətinliklər olsa da buranın havası hər şeyə bəsdi. Qardaşım Serob da gələcək.”

Ermənilərin Kovsakan dedikləri Zəngilan rayonunda məskunlaşan Suriya erməniləri digərlərinə nisbətən daha yaxşı şəraitlə təmin ediliblər. Artıq Zəngilanda onların şəxsi mülkləri, çoxmərtəbəli evləri var.



Kaşataqın (Laçının) məskunlaşdırma departamentinin rəhbəri Robert Matevosyan deyir ki, rayona suriyalı ermənilərin axını gözlənilir.

Onu da qeyd edək ki, qaçqınlara yeni evlər tikməklə yanaşı Ermənistan hökuməti Qarabağ müharibəsi zamanı dağıtdıqları azərbaycanlı evlərini də yenidən təmir edir.

Bütün bunlarla yanaşı Ermənistan hökuməti suriyalı qaçqınlarla bağlı yeganə problem dil problemi olduğunu iddia etsə də, əsas dərdi başqadır. Belə ki, Sərkisyan hökumətinin qarşısında duran prioritet məsələ Suriyada erməni diasporasını qoruyub saxlamaqdır . Necə deyərlər “keçi can hayında, qəssab piy axtarır”. Etnik ermənilərin Suriyadan “böyük köçü” ilə bağlı olaraq Ermənistanın Yaxın Şərqdə təsir qüvvəsini itirmək təhlükəsi qaçılmazdır. Odur ki, Suriya Hələbinin vətəndaş müharibəsi atəşində yandığı bir vaxtda Ermənistan hökuməti yeni Hələb qurub- yaratmaqla bir növ erməni diasporasını qoruyub saxlamağa çalışır. İndi ermənilər Suriyasız erməni diasporası Suriyadan 100 kilometrlərlə uzaqda məhv olmamaq üçün yollar arayır. Ancaq Azərbaycanın Suriya olmadığını unudurlar.
Ermənistan hökumətinin digər bir qayğısı isə əhalisinin sayını heç olmazsa suriyalı qaçqınların hesabına artırmaqdır. Çünki, Sərkisyan hökumətinin yarıtmazlığı sayəsində minlərlə erməni bir daha geri qayıtmamaq şərti ilə ölkəni tərk edib. Çox güman ki, yeni Hələb sakinləri də bir gün köhnə Hələbə qayıtmaq istəyəcəklər... Odur ki, vay Sərkisyanın halına!

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti