Elmar Məmmədyarov Vyetnam rəsmisini qəbul edib
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qonağı salamlayan nazir iki ölkə arasındakı əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək, iqtisadi sahədə əlaqələrin inkişafının və parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb. O, Azərbaycanla Vyetnam arasında iqtisadi əlaqələrin potensialının yüksək olduğunu söyləyib.
Enerji sahəsində də əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd edən E. Məmmədyarov, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Petro Vietnam” şirkəti arasında yaradılmış uğurlu əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.
Ermənistan-Azərbaycan münaqişəsi barədə qonağa ətraflı məlumat verən E. Məmmədyarov, BMT TŞ-nın Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd məlum qətnamənin Ermənistan tərəfindən indiyə qədər yerinə yetirilmədiyini təəssüflə vurğulayıb.
Azərbaycanda səfərdə olmasından məmnunluğunu ifadə edən Çu Luu isə ölkədə sürətlə gedən inkişaf prosesindən təsirləndiyini deyib. Azərbaycanla Vyetnam arasında dərin və isti əlaqələrin mövcudluğundan danışan qonaq, peşəkar kadrların hazırlanmasında göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə öz minnətdarlığını bildirib və Azərbaycanın hazırladığı mütəxəssislərin hazırda Vyetnamda yüksək vəzifələrdə təmsil olunduqlarını söyləyib.
AzVision.az