Təhsil Nazirliyi yeni qaydaları açıqlayıb

Təhsil Nazirliyi yeni qaydaları açıqlayıb
  29 İyun 2013    Oxunub:1552
Təhsil Nazirliyi kadrların işə qəbulu bağlı yeni məlumat açıqlayıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun təsdiqlədiyi "Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu qaydaları"na əsasən, müəssisələrdə müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, istehsalat təlimi ustaları, praktik psiхоlоqlar, sоsiоlоq-pedaqоqlar, məktəb uşaq birliklərinin rəhbərləri, bilavasitə pedaqоji prоseslə məşğul оlan mühəndis-teхniki, tədris-köməkçi işçilər, təhsil müəssisəsinin kitabхanaçılara olan təlabatın müəyyənləşdirilməsi və vakant yerlərə işə qəbul bilavasitə müəssisələrin rəhbərləri tərəfindən həyata keçirilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrinə sosial məzuniyyət yerinə müəllimlərin işə qəbulu nazirliyin, digər müəssisələrə isə təhsili idarəetmə orqanlarının razılığı ilə ən çoxu 3 il müddətinə əmək müqaviləsi bağlanılır və əmrlə rəsmiləşdirilir.

Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir.

Sosial məzuniyyətdə olan müəllimin yerinə müddətli əmək müqaviləsi ilə işə götürülən işçilərə həmin dərs yükü verilir və tarifləşmə cədvəlində qeyd edilir. Müddətli əmək müqaviləsi bağlanmış işçi ilə əmək müqaviləsi sosial məzuniyyətdə olan müəllim işə qayıtdığı gündən ləğv edilir.

Həmçinin, yenə qərara əsasən, ibtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən, xarici dil və informatika fənləri isə ixtisaslı kadrlar tərəfindən tədris edilir.

Kadr olmadığı halda informatika fənnini ibtidai sinif müəllimi apara bilər.

Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir.

Müəllimlərin dərs yükü tədris ili ərzində sabit saxlanılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti