Məhkəməyə müdaxilə edən şəxs həbs olundu

Məhkəməyə müdaxilə edən şəxs həbs olundu
  29 İyun 2013    Oxunub:1218
Bakı şəhər Prokurorluğu dünən Bakı Ağır Cinayətlər Məhkəməsində baş verən insidentlə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyunun 28-də saat 15 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclas zalında Hümbət Məmmədov və qeyrilərinin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin tanışı Məmmədhüseyn Qurbanov bir qrup şəxslə onlara təyin ediləcək cəzaya etirazlarını bildirərək, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq məqsədilə məhkəmə fəaliyyətinə müdaxilə ediblər.

Onların məhkəmənin binasında və küçədə etdikləri hərəkətlər nəticəsində ictimai qayda kobud surətdə pozulmaqla məhkəmə binasının pəncərə şüşələri və giriş qapısında quraşdırılmış metal-axtarış avadanlığı sındırılıb, məhkəmənin 2 saata yaxın fəaliyyətini dayandırılıb, həmçinin hakimiyyət nümayəndələri olan və xidməti vəzifələrini yerinə yetirən məhkəmənin icra məmurları və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nəzarətçilərinə zor tətbiq edilib.

Həmin fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq), 286.1 (ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə Məmmədhüseyn Qurbanov təqsirləndirilən şəxs qismində cəlb edilərək Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti