İbrahimbəyovun ermənilərlə iş birliyi - ARAŞDIRMA

İbrahimbəyovun ermənilərlə iş birliyi - ARAŞDIRMA
  05 İyul 2013    Oxunub:1738
Roman Balayan: “İbrahimbəyov kimi adamlar nə qədər çox olsa...”
Prezidentliyə iddialı olan hər bir şəxsin bütün fəaliyyətinin diqqət mərkəzində olması təbiidir. Xüsusilə də onun peşəkar fəaliyyətinin araşdırılmasında qeyri-adi heç nə yoxdur. Milli Şuranın vahid namizədi olan Rüstəm İbrahimbəyovun peşəkar fəaliyyətini araşdıranda isə ortaya maraqlı mənzərə çıxır.

Belə ki, o, kino xadimi olaraq həmişə ermənilərlə sıx iş birliyində olub və bu əməkdaşlıq indi də dava etməkdədir. Sovet vaxtı bunu başa düşmək olardı. Ona görə də, biz İbrahimbəyovun 90-cı illərə qədərki filmoqrafiyasındakı faktların üzərində ciddi dayanmaq istəmirik. Bura əsasən 1969-cu ildə çəkilən “Çekist haqqında povest” (Ssenari – İbrahimbəyov, rejissor – Stepan Puçinyan), 1979-cu ildə çəkilən “Sevginin tən yarısı” (Ssenari – İbrahimbəyov, rejissor –Sergey Mikaelyan), 1986-cı ildə çəkilən “Qoru məni, talismanım” (Ssenari – İbrahimbəyov, rejissor – Roman Balayan), 1987-ci ildə çəkilən “Filer” (Ssenari – İbrahimbəyov, rejissor – Roman Balayan) filmləri daxildir.

Amma SSRİ dağılandan sonra da Rüstəm İbrahimbəyov həm ssenarist, həm rejissor, həm də prodüser kimi ermənilərlə sıx əməkdaşlıq edib.

2004-cü ildə rejissor Roman Balayan İbrahimbəyovun ssenarisi əsasında “İşıqlı gecə” filmini çəkib.
2008-ci ildə yenə də Roman Balayan İbrahimbəyovun “Cənnət quşları” ssenarisini ekranlaşdırıb.

Ümumimiyyətlə, Roman Balayanla Rüstəm İbrahimbəyovun münasibətlərindən bir qədər geniş danışmaq lazımdır.
Roman Qurgenoviç Balayan 1941-ci ildə Ağdərə rayonunda anadan olub. “Daşnaksütun” Partiyasının üzvüdür. Qohumları indi də Azərbaycanın işğal olunmuş ərazilərində yaşayır.

Müsahibələrində həmişə Qarabağa müstəqillik verilməsinin tərəfdarı kimi çıxış edir. Məsələn, 2011-ci ildə “Regnum” agentliyinə verdiyi müsahibədə o, deyirdi: “Azərbaycan yüksək muxtariyyat deyəndə ancaq ərazini nəzərdə tutur, erməni əhalisini düşünmür. Parlaq misal – Naxçıvan Muxtar Respublikasıdır”.

Bundan sonra elə həmin müsahibədə Balayanın İbrahimbəyov haqqında dediyi fikirləri xüsusilə maraq doğurur:

- Hə, biz artıq bir neçə onillikdir ki, birgə çalışırıq. Və bu, normaldır. O, azərbaycanlıları tənqid edir, mənsə erməniləri. Daha doğrusu, erməni hökumətini. Rüstəm İbrahimbəyov kimi adamlar nə qədər çox olsa, normal qərarın qəbul olunması şansı da bir o qədər yüksək olar.

Xüsusi izah etməyə ehtiyac yoxdur ki, Qarabağın müstəqilliyini istəyən adam “normal qərar” deyəndə nəyi nəzərdə tuta bilər.

“Mən Tbilisini və Bakını sevirəm. Çünki onları da ermənilər tikib” – bu sözləri isə Roman Balayan yerkramas.org saytına müsahibəsində demişdi. Və buradan onun şovinist erməni təfəkkürünə malik olduğu anlaşılır.

Yada salaq ki, Bakıda keçirilən Şərq-Qərb festivalı zamanı İbrahimbəyovun məhz daşnak olduğuna görə Roman Balayanı və Rudik Avannesovu ölkəyə gətirmək istəyi də böyük qalmaqala səbəb olmuşdu.

Rüstəm İbrahimbəyovun “İbrus” kinoşirkəti də erməni rejissorların çəkdiyi bir sıra filmləri maliyyələşdirib. “İbrus” 1989-cu ildə meydana çıxan Amerika-Sovet kino əməkdaşlığının nəticəsində yaranıb, 2 il sonra bu cür adlanmağa başlayıb.

1989-cu ildə İbrahimbəyovun təşəbbüsü ilə erməni rejissor Canik Fayziyevin “Özbəkfilm” üçün çəkdiyi “Siz kim siz” filmi dəstəklənir.

SSRİ dağılandan sonra isə İbrahimbəyov şirkəti erməni rejissorların daha iki filmini maliyyələşdirib və təşkilatçılığını həyata keçirib. Onlardan birincisi rejissor Stepan Puçinyanın çəkdiyi “Qanqsterlər okeanda” (1992) filmidir.
Bu filmdə musiqini erməni bəstəkar Andrey Gevorkyan yazıb, rəssam isə erməni Sovet Aqoyandır. Rollarda Armen Ciqarxanyan, Ovanes Vanyan, Artur Ambarsumyan oynayıblar. Göründüyü kimi, tam bir erməni kompaniyasıdır...

2011-ci ildə isə İbrahimbəyovun şirkəti erməni rejissor Stepan Puçinyanın çəkdiyi “Qızıl balıq N şəhərində” filminə prodüserlik edib. Bu filmdə də Xaratyan və Ciqarxanyan kimi erməni aktyorları yer alırlar.

Göründüyü kimi, Rüstəm İbrahimbəyovun erməni kino xadimlərilə uzun illərdir davam edən çox sıx və geniş əməkdaşlığı var. Və bu, onun Azərbaycan prezidentliyinə iddiaçı olmağa mənəvi haqqını ən azı ciddi bir sual altına salır.

Tariyel Həsənov
AzVision.az



Teqlər:  





Xəbər lenti