İbrahimbəyov hətta Rusiya vətəndaşlığından çıxsa da... - HÜQUQİ ARAYIŞ

İbrahimbəyov hətta Rusiya vətəndaşlığından çıxsa da... - HÜQUQİ ARAYIŞ
  05 İyul 2013    Oxunub:1178
Bu gün mətbuatda Milli Şuranın lideri, müxalifətin prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etməsilə bağlı xəbərlər yayılıb. İbrahimbəyov dünən Rusiya vətəndaşlığından rəsmi şəkildə imtina etdiyini təsdiqləyib. O, virtualaz.org saytına açıqlamasında bu qərarının motivləri barədə danışıb.

İbrahimbəyovun sözlərinə görə, bu addımı onun qarşıdan gələn prezident seçkilərindəki iştirakı ilə bağlıdır: “Mən həmişə Azərbaycan vətəndaşı olmuşam. Ölkədən heç vaxt çıxıb getməmişəm. Mənim Azərbaycanda teatrım olub. Bir sözlə, mən öz yaradıcılıq işlərimi həmişə Azərbaycanda davam etdirmişəm”.

İbrahimbəyov sözlərinə onu da əlavə edib ki, Rusiya pasportu ona SSRİ-dən miras qalıb.

O, “Azərbaycanda ikili vətəndaşlıq qadağandır, siz bu məsələni hüquqi nöqteyi-nəzərdən hansı yolla qaydaya salmağa hazırlaşırsınız” sualına belə cavab verib: “Azərbaycan qanunları ikili vətəndaşlığa qadağa qoymayıb. Mən, sadəcə olaraq, seçkilərdə iştirak etmək qərarımla bağlı Rusiya təbəəliyindən imtina etməyə qərar vermişəm”.

Görəsən, əlində Rusiya Federasiyasının səlahiyyətli orqanının heç bir sənədi olmayan Rüstəm İbrahimbəyov necə bu qədər əminliklə Rusiya vətəndaşlığından imtina etdiyini deyir? Axı sadəcə istək, müraciət hətta ərizə də İbrahimbəyovun vətəndaşlıqdan çıxarılması faktını təsdiq etmir. Vətəndaşlıqdan çıxarılmaq uzun və mürəkkəb bir prosedurdur və aylarda vaxt aparır.

Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə təsdiqlənən “Rusiya Federasiyasının vətəndaşlıq məsələlərinə baxılması qaydalarının təsdiqi barədə Qanun”a əsasən (IV./28 Səlahiyyətli orqanların vəzifə və funksiyaları barədə) Rusiya Federasiyasının vətəndaşlığına qəbul, vətəndaşlığın bərpa edilməsi, ümumi qaydada vətəndaşlıqdan çıxma, Rusiya Federasiyasının vətəndaşlığından imtina kimi məsələrin həllinə Rusiya Federasiyasının prezidenti Vladimir Putin qərar verir, eləcə də bu məsələlərin həllində federal qanunun icrası ilə əlaqədar səlahiyyətli orqanlarla birgə fəaliyyəti təmin edir.

36-cı maddədə deyilir ki, Rusiya Federasiyasının sərhədləri xaricində yaşayan şəxsin vətəndaşlığının dəyişdirilməsi barədə müraciəti, Rusiya Federasiyasının Federal Miqrasiya və Federal Təhlükəsizlik xidmətləri tərəfindən lazımi yoxlamaların aparılmasının təşkilini təmin etməsi üçün Rusiya Federasiyasının diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə göndərilir.

Sözügedən müraciətin hər bir orqanlar tərəfindən baxılma müddəti Federal qanunun 35-ci maddəsinin 4-cü hissəsinə əsasən müəyyən edilməlidir.

Nəzərə almaq lazımdır ki, vətəndaşlığın sadələşdirilmiş qaydada dəyişdirilməsi məsələsinə baxılması və onunla bağlı müvafiq qərar qəbul edilməsi prosesi müraciət və lazımi qaydada qeydə alınmış bütün müvafiq sənədlər təqdim edildiyi gündən etibarən 6 ay ərzində həyata keçirilməlidir.

Yəni Rüstəm İbrahimbəyov hətta müraciət edibsə də, bu, onun Rusiya vətəndaşlığından çıxması demək deyil. Vətəndaşlıqdan çıxmaq proseduru 6 aya qədər vaxt apara bilər.

Amma İbrahimbəyov vətəndaşlıqdan çıxsa belə, bu, yenə də onun namizədliyinin qeydə alınması üçün kifayət etməyəcək.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2008-ci il tarixli təlimatının 2-ci bəndinə əsasən:
2. Öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürən vətəndaş Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasınaaşağıdakı sənədləri təqdim etməlidir:
2.1. Prezidentliyə namizədliyin irəli sürülməsinə dair bildiriş (Təlimata 1 saylı əlavə);
2.2. Seçki Məcəlləsinin 53-cü və 180-ci maddələrinin tələblərinə uyğun tərtib edilmiş öhdəlik ərizəsi (Təlimata 2 saylı əlavə).
Ərizədə prezidentliyə namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü), Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşaması, məhkumluğu, vətəndaşlığı və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə prezident seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində ölkə prezidentliyinə namizədə olan tələblər sadalanır. Şahin Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasının 100-cü maddəsinə verdiyi elmi-praktik şərhlərdə deyilir ki, namizədin başqa dövlətlərin qarşısında öhdəliyinin olmaması tələbi başqa dövlətlərin gələcək prezidentin fəaliyyətinə təsirinin qarşısını almaq məqsədi daşıyır.

Konstitusiyanın preambulasında deyilir ki, Azərbaycan xalqının niyyətlərindən biri ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü qorumaqdır. Amma Prezidentin “başqa dövlətin qarşısında öhdəliyi” olarsa, bu, həmin dövlətlərin prezidentin qərarlarına təsir göstərməsinə gətirib çıxarar.

2003-cü ildə Rəsul Quliyevin namizədliyi müzakirə olunarkən Konstutisuya Məhkəməsinin çıxardığı qərar da qüvvədədir. Həmin qərarın müddəalarını nəzərə alsaq, hətta namizəd başqa ölkənin vətəndaşlığından çıxılsa belə, bu, o dövlətin qarşısındakı öhdəliklərini aradan qaldırmır.

Bunu nəzərə alsaq, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması hüquqi cəhətdən heç cür mümkün deyil.

AzVision.az


Teqlər:  





Xəbər lenti