“Quş ovu qanuniləşsin”

 “Quş ovu qanuniləşsin”
  05 İyul 2013    Oxunub:7816
“Quş ovu onsuz da qeyri-qanuni olaraq, həyata keçirilir.”
“ 2006-ci ildən indiyənə qədər ov mövsümü bağlıdır. Müəyyən bəhanələrlə quş ovunun qadağan olunmasını bəhanə edirlər”. Bu sözləri AzVision.az-a açıqlamasında Ovçular İttifaqının sədri Füzuli Əşrəfov deyib.

F. Əşrəfovun sözlərinə görə, yalnız qaban, dağ keçisi və dovşan ovuna icazə verilir.

“Ov həvəskarları bizə dəfələrlə müraciət edirlər ki, ov mövsümü açıq olsun. Amma bu,məndən asılı deyil. Xarici ölkələrin heç birində quş ovuna qadağa qoyulmur, amma bizdə qadağalar var, əsas səbəb nədir, bilinmir. Guya İndoneziyada, Afrikada, quş qripi tapılıb. Belə bəhanələr gətirirlər. Cəmi 3 heyvan ovuna icazə var, bunlara da müəyyən sayda icazə verilir, məsələn 10 dağ keçisi üçün icazə var. Mənim fikrimcə, heç bu heyvanlara da icazə verilməsin, quş ovuna icazə verilsin. Quş ovu onsuz da qeyri-qanuni olaraq, həyata keçirilir. Adını da brokoneyrlik qoyurlar. Olmaz ki, bu ovu qanuniləşdirək? Əgər hardasa, eynidən quş qripi aşkarlanarsa, yenidən qadağa qoyulsun. Biz dəfələrlə, bununla bağlı həm Nazirlər Kabinetinə, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişik, bizə quş qripini bəhanə gətirərək, standart cavab verirlər.”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə məsələyə bu cür aydınlıq gətirib : “Ümumiyyətlə, quşların balalama dövrünü nəzərə alınaraq, fevral ayından avqust ayının sonuna kimi quşların ovlanması qadağandır. Indiki vəziyyətdə quş ovu qadağandır, quş ovunun yenidən bərpası isə “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyası”nın qərarından asılıdır Onlar qərar verdikdən sonra biz bu məsələyə aydınlıq gətirə bilərik”

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, məsələ ilə bağlı Nazirlər Kabinetində heç bir rəsmi məlumat yoxdur”

Nihadə


Teqlər:  





Xəbər lenti