Qadınlar niyə yol polisi işləmir?

Qadınlar niyə yol polisi işləmir?
  05 İyul 2013    Oxunub:1525
“Daxili İşlər Nazirliyi öz siyasətini dəyişsə, o zaman qadınlar seçimlərini edərlər.”
Dünyanın bir çox ölkələrində yol patrul xidmətində çalışanlar arasında xanımlar üstünlük təşkil edir. Xanım polislər yol hərəkətinin tənzimlənməsində yaxından iştirak edirlər. Avropalı mütəxəssislər hesab edirlər ki, yol polisində işləyən qadınlar daha diqqətli olurlar. Belə ki, bu yanaşma qadınların kişilərlə müqayisədə daha tələbkar və məsuliyyətli olması ilə izah edilir. Odur ki, yol polisi sistemində qadınların olması daha məqbuldur. Bu təcrübə ilk dəfə 1964-cü ildə Fransada sınaqdan keçirilib. Həmin ölkədə xanım yol polislərinin əsas işi avtomobili qadağan olunmuş yerlərdə saxlayanları cərimə edərək, buna qarşı mübarizə aparmaq olub. Bir neçə il öncə isə Peruda qadınlar yol polisi vəzifəsinə cəlb edilməyə başlayıblar. Perunun rəsmi dairələrinin fikrincə, qadınlar öz vəzifə borclarını yerinə yetirərkən kişilərlə müqayisədə daha tələbkar və məsuliyyətli olurlar. Bu səbəbdən hazırda da qadınları bu işə cəlb etmək üçün müxtəlif təbliğatlar aparırlar.

Azərbaycanda yol patrul xidməti əməkdaşları arasında isə qadınlara rast gəlmək mümkün deyil. Hazırda ölkəmizdə daxili işlər orqanlarında çalışanların cəmi 3,5%-ni qadınlar təşkil edir. Onlar da əsasən idarədaxili inzibati işlərlə məşğul olurlar. Qonşu Türkiyədə isə qadın polislər ümumi şəxsi heyətin 9%-ni təşkil edir. Avropada bu sahədə daha öndədir. Belə ki, inkişaf etmiş Qərb ölkələrində bu rəqəm 15-20% təşkil edir.

Bəs görəsən nədən ölkəmizdə yol patrul xidmətində işləyən bir xanım belə yoxdu?

DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycanda yol patrul xidmətində işləyən xanım yoxdur. Şöbə rəisi qeyd edib ki, xanımlar bu xidmətin çətinliyi ilə əlaqədar olaraq bu sahədə işləmir:

“Xidmətə qəbulla bağlı bizə müraciət edən və müsabiqə əsasında işə qəbul olunan qadınlar var. Amma yol patrul xidmətində işləyən xanım yoxdur. Çünki bu, ağır səyyar xidmətidir. Buna görə də zərif cins nümayəndələri arasında bu sahəyə meyl edən olmayıb. Xidmətin çətinliyi ilə bərabər, müəyyən qədər milli mentalitet də burada rol oynayır. Qadınlar daha çox oturaq işlərə üstünlük verirlər. Amma yol patrul xidmətində qadın əməkdaşlara zərurət var. Belə ki, ölkədə sürücü xanımların sayı get-gedə artır”-deyə K.Əliyev vurğulayıb.

Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizova mövzu ilə bağlı saytımıza açıqlamasında bildirib ki, ümumiyyətlə hüquq mühafizə orqanlarında qadınların say azdır. Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları bu məsələni bir problem kimi artıq qabardırlar:
“İstər yol patrul xidməti olsun, istərsə də hüquq mühafizə orqanlarının digər sahəsində işləyən qadın işçilərin sayı azlıq təşkil edir. Bu baxımdan qeyri-hökumət təşkilatları bu problemi hər zaman qaldırır. Artıq bu Daxili İşlər Nazirliyinə bir təklif kimi göndərilib.Ümumiyyətlə Daxili İşlər nazirliyində yazılmamış qanunlar var ki, qadınlar hansı sahə üzrə işləyə bilər. Misal üçün bu mühasibat kimi sahələrdir. Əgər Yaxşı olar ki, Daxili İşlər Nazirliyinin özü qadınlarımız üçün yaşıl işıq yandırsın”.

Günəş Fərhadlı


Teqlər:  





Xəbər lenti