Nazir Xorvatiya parlamentinin sədri ilə görüşüb

Nazir Xorvatiya parlamentinin sədri ilə görüşüb
  05 İyul 2013    Oxunub:1142
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya parlamentinin sədri İosip Lekonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Elmar Məmmədyarov qonağı salamlayıb və bu səfərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Nazir, həmçinin iki ölkənin istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnun olduğunu qeyd edib və parlament diplomatiyasının rolunu vurğulayıb.

E.Məmmədyarov müqavilə-hüquq bazasının möhkəmləndirilməsi və yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafına imkan yaradacağını diqqətə çatdırıb və Xorvatiyanı Avropa İttifaqına üzvlüyü münasibətilə təbrik edib.

Xorvatiya parlamentinin sədri İ.Leko ölkəmizə səfər etməkdən məmnunluğunu bildirib və ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlərdə münasibətlərini inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

İki ölkə arasında, xüsusilə turizm sahəsində əməkdaşlıq üçün imkanların olduğunu vurğulayıb. Qonaq, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Xorvatiyanın prinsipial mövqeyinin olduğunu və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti