İlham Əliyevin Qazax səfəri davam edir

İlham Əliyevin Qazax səfəri davam edir
  05 İyul 2013    Oxunub:1740
Prezident İlham Əliyev Qazax sement zavodunun yeni istehsal xəttinin açılışında iştirak edib.
AzVision.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax sement zavodunun yeni istehsal xəttinin açılışında iştirak edib.
İnşası 2010-cu ildə başlayan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Azərbaycan Beynəlxalq Bankı ASC-nin Akkord sement zavodunun tikintisi ilə bağlı dövlət başçısına məlumat verilib. Bildirilib ki, tikinti üzrə investisiya layihəsi uğurla reallaşdırılır.

Həmçinini, Qazax-Gürcüstan sərhədi avtomagistralından Daş Salahlı kəndinə asfalt yol çəkildiyi qeyd olunub. Bu yolun başlanğıcında quraşdırılan monitorlarda Ulu Öndərin həyat və fəaliyyəti, ölkənin iqtisadiyyatı və regionların inkişafı üçün həyata keçirdiyi ardıcıl tədbirləri əks etdirən videoçarxlar nümayiş etdirilib. Asfalt yolun kənarı ilə zavoda dəmir yolu və 110 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilib. Bundan başqa su xətti, suvarma kanalı, seldən mühafizə bəndi və digər qurğular inşa olunub.

Müəssisənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb, park salınıb.

Sonra Prezident İlham Əliyev inzibati binada yaradılan şəraitlə tanış olub. Birinci mərtəbədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi, o cümlədən regionların inkişafı ilə bağlı həyata keçirdikləri tədbirləri əks etdirən fotoguşəyə baxıb.

Dövlət başçısına mərkəzi nəzarət otağında müəssisə barədə ətraflı məlumat verilib.

Müəssisənin maketi əsasında Prezident İlham Əliyevə bildirilib ki, gündəlik layihə gücü 2500 ton klinker və 1 milyon ton sement olan zavodda bir neçə markada sement istehsal olunacaq.

Zavodun avtomatik idarəetmə sistemi “SİEMENS” firmasının mütəxəssisləri tərəfindən proqramlaşdırılmış və ən müasir avadanlıqla təchiz edilib.

Daha sonra Prezident İlham Əliyev buradan istehsal xəttini işə salıb

Müəssisənin ümumi tikinti kompleksinə 49 bina və qurğu daxildir. Bunların 34-ü əsas, 15-i isə yardımçı bina və qurğulardır. Sement istehsalında mineral xammala olan tələbatı ödəmək üçün 452 hektar torpaq sahəsi ayrılıb. Gündəlik istehsal gücü 2500 ton klinker təşkil edəcək istehsal xətti üçün dağ-mədən, nəqliyyat və digər infrastrukturlarda çalışacaq 700 işçinin cəlb olunması nəzərdə tutulub. İşçilərin əksəriyyətini Qazax rayonunun və yaxın bölgələrin sakinləri təşkil edir.

Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev zavodun kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.Və onların qarşısında çıxış edib.

Sonda xatirə şəkilləri çəkdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti