Mehriban Əliyeva:"Bu, mənim üçün şərəfdir"

Mehriban Əliyeva:"Bu, mənim üçün şərəfdir"
  07 İyul 2013    Oxunub:1298
Birinci xanım Kann şəhərinin meri cənab Broşanın qərarı ilə mən Kann şəhərinin fəxri vətəndaşı adına layiq görülüb.
Dünən Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində hər il beynəlxalq kinofestivalının keçirildiyi Festivallar sarayında növbəti mərasim təşkil olunub. AzərTAc Dövlət İnformasiya Agentliyinin yaydığı məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan mərasimdə iştirak ediblər.

Mərasimə gələn qonaqlar əvvəlcə Azərbaycana həsr edilən fotosərgi ilə tanış olublar. Sərgi Azərbaycan xalqının qədim adət-ənənələrini, onun dünəni və bu gününü təqdim edir. Əsas məqsəd isə Azərbaycanın mədəni dəyərlərini və zənginliyini olduğu kimi Avropa tamaşaçısına çatdırmaqdır. Burada nümayiş edilən hər bir foto özlüyündə bir sənət əsəri olmaqla Azərbaycanda inkişaf proseslərini dolğun şəkildə canlandırır.

Mərasimdə çıxış edən Kann şəhərinin meri Bernar Broşan burada keçirilən Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətinə toxunmuş və Heydər Əliyev Fondunun bu layihəsinin Fransa ilə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət etdiyini bildirib
.
"Azərbaycan demokratik, dünyəvi dövlətdir", - deyən Bernar Broşan ölkəmizin özünəməxsus mədəniyyətinin olduğunu və bugünkü tədbirin də bunu bir daha təsdiqlədiyini qeyd edib. Mer Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bu tədbirin təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını vurğulayıb.

Mərasimdə çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib: "Dünyanın ən gözəl şəhərlərindən biri olan Kannda ölkəmi - Azərbaycanı təqdim etmək mənim üçün çox xoşdur və şərəflidir.

Biz Azərbaycan mədəniyyəti günlərini Fransanın bir çox regionlarında və şəhərlərində keçirdik. Lakin bu sırada Kann şəhəri xüsusi yer tutur. Kann şəhəri dünyanın ən nüfuzlu mədəniyyət mərkəzlərindən biridir və il boyu burada beynəlxalq festivallar, sərgilər, görüşlər və konsertlər keçirilir. Şəhər özü həm təbiəti, həm də tarixi və memarlığı ilə nadir bir mədəni abidədir. Mən çox şadam ki, belə bir şəhərdə Azərbaycan mədəniyyəti günləri keçirilir və bu tədbirin hazırlanmasında əməyi olan hər bir şəxsə, xüsusilə Kann şəhərinin meri cənab Broşana və Heydər Əliyev Fondunun əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm".

Birinci xanım deyib ki, bu gün də müasir Azərbaycan özündə Qərb və Şərq dəyərlərini cəmləşdirmiş və Azərbaycan xalqı tolerantlıq, sülhsevərlik və qonaqpərvərlik ənənələrinə sadiqdir. Müstəqil Azərbaycan bu gün müasir, sürətlə inkişaf edən azad və dünyaya açıq bir ölkədir: "Çox ümidvaram ki, bu müddət ərzində Azərbaycan, ölkəmizin tarixi və mədəniyyəti ilə tanış olursunuz, olacaqsınız və ölkəmizə maraq göstərəcəksiniz. Mən fürsətdən istifadə edərək hamınızı Azərbaycana dəvət edirəm. Sonda bir məsələni qeyd etmək istəyirəm ki, şəhərin meri cənab Broşanın qərarı ilə mən Kann şəhərinin fəxri vətəndaşı adına layiq görülmüşəm. Mən fürsətdən istifadə edərək sizin gözəl və təkrarolunmaz şəhərinizin yeni bir vətəndaşı kimi sizə dərin hörmət və məhəbbətimi çatdırıram. Bir daha bizim ölkəmizə göstərdiyiniz maraq və diqqətə görə sizə dərin minnətdarlığımı bildirirəm və xoş axşam arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm".

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günlərinə iyulun 4-də start verilib. Artıq üç gündür ki, uğurla davam edən Azərbaycan mədəniyyəti günləri Kann ictimaiyyəti və şəhərə gələn çoxsaylı turistlər arasında böyük əks-səda doğurub.




Teqlər:  





Xəbər lenti