Moldovalı ombudsman: `Ermənistandan üzr istəməyəcəm`

Moldovalı ombudsman: `Ermənistandan üzr istəməyəcəm`
  08 İyul 2013    Oxunub:1318
Moldovalı ombudsman Ermənistan bədbəxtlikləri haqqında danışdı
“Ölkəni maneəsiz tərk etmək üçün Ermənistanda mənə üzr istəməyi məsləhət görüblər. Diplomatlar və daima ünsiyyətdə olduğum insanlar mənə zəng vuraraq bildiriblər ki, mən üzr istəməliyəm”. Bu barədə keçən həftə Ermənistanın parlamentində Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımı haqqında bəyanatla çıxış etmiş moldovalı ombudsman Aureliya Qriqoriu yerli KİV-ə müsahibəsində bildirib.

“Mən heç kəsi alçaltmaq və təhqir etmək niyyətində olmamışam. Çıxışımda həqiqətə uyğun və beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilmiş informasiyanı səsləndirmişəm. Buna görə də hesab edirəm ki, heç kəsdən üzr istəməyə məcbur deyiləm” - Qriqoriu dedi.

Aureliya Qriqoriu həmçinin Ermənistanda olduğu müddətdə ona edilən təhdidlərdən danışıb.

“ Facebook səhifəmə müntəzəm hədə-qorxu mesajları daxil olurdu. İndi isə bu mesajlar sürətli şəkildə pozulur, bilmirəm bunu necə edirlər, bəlkə də hakerlər səhifəmin şifrəsini sındırıblar. Heç olmazsa nəzərə almalıdırlar ki, orada mənim özəl mesajlarım da var. Lakin ünvanıma hədə-qorxu mesajlarının daxil olması bir faktdır. Oteldə ikən telefonuma zəng gəldi və bildirildi ki, məni saçımdan tutub bayıra çıxaracaqlar və məsələni həll edəcəklər. Təbii ki, bu barədə Xarici İşlər Nazirliyimizə, eləcə də qohumlarıma xəbər verdim. Ailəmi də hədələyirdilər. Oteldən uzaqlaşmaq istəyəndə, sürücü məni maşına əyləşməyə qoymadı və təqribən 1 dəqiqədən sonra Facebook səhifəmə mesaj gəldi ki, məni qarşıda hələ çox sürprizlər gözləyir” - Qriqoriu deyib.

Moldovalı ombudsman Ermənistan KİV-lərinin onun guya Azərbaycan tərəfindən “satın alınmasına” da münasibət bildirib.

“ Ümumiyyətlə mən çox ölkələrdə səfərdə oluram, məruzələrlə çıxış edirəm. İldə bir dəfə ombudsman kimi Azərbaycanda beynəlxalq konfransda iştirak etməyim, mənim bu ölkənin sifarişini yerinə yetirməyim anlamına gələ bilməz. Bunu heç bir əsası yoxdur. Bu Ermənistanın uydurduğu bir yalan, təxribat və çox ucuz bir piyardır”-Qriqoriu deyib.

Haqqın.az
Tərcümə : AzVision.az



Teqlər:  





Xəbər lenti