Yaponiyada sevgililər günü festivalı davam edir

Yaponiyada sevgililər günü festivalı davam edir
  08 İyul 2013    Oxunub:1861
Festival Yaponiyanın hər yerində geniş şəkildə qeyd edilir
İyulun 7-də Yaponiyada sevgililər günü - Tanabata festivalı qeyd edilir. Məhz həmin gecə Samanyolu ilə ayrılmış Lira bürcündə yerləşən Veqa ulduzu Qartal bürcündə yerləşən Əltair ulduzuna daha çox yaxınlaşır.

Tanabata festivalı Yaponiyaya Çindən gəlib. Bu qədim Çin əfsanəsinə görə, göylər padşahı Tenkonun qızı, usta dərzi kimi tanınan şahzadə Orihime atası üçün xalat toxuyarkən inəkləri otaran yaraşıqlı Hikobosini görür. Gənclər ilk baxışdan biri-birinə vurulurlar və onlara tapşırılmış işi yarımçıq qoyurlar. Bu, qızın atasını qəzəbləndirir və o sevgililəri ömürlük ayıraraq, Samanyolunun əks tərəflərində yerləşdirməyi əmr edir.
Sevgililərə ildə yalnız bir dəfə iyulun 7-də görüşməyə icazə verilir. Bu zaman sevgililərə köməyə gələn sığırçınlar qanadlarını birləşdirərək, Samanyolu üzərində körpü düzəldirlər. Lakin həmin gün yağış yağarsa, sevgililərin görüşü gələn ilə qalır.
Tanabata bayramı zamanı yapon sevgililər arzularına qovuşmağa can atırlar. Deyilənə görə, həmin arzu səmimidirsə, mütləq reallığa çevriləcək.

Bayramın bu romantik süjeti onu qızlar arasında xüsusilə populyar edir. Həmin gecə qızlar məbədlərə gələrək dualar edir, xoşbəxt ailə həyatı qurmağı arzulayırlar. Ağacların budağından, evlərin divarlarından üzərində şeir və ya ad yazılmış rəngarəng tanzaku - vərəqlər asılır. Üzərində qız və oğlan şəkilləri olan vərəqlərin bambuk ağacından asılması həmin ağacın sədaqət rəmzi sayılması ilə əlaqələndirilir.
Bəzən bambuk ağacının budağından kağızdan hazırlanmış kimono da asılır ki, bu da şahzadə Orihime üçün hədiyyə sayılır. Kağız kimono möhkəm cansağlığı və bədbəxt hadisələrdən qorunmağın rəmzi hesab edilir.
Tanabata bayramı zamanı Hikobosi üçün beş rəngli – yaşıl, qırmızı, ağ, çəhrayı və qara sap da gətirirlər ki, bu da əkinçiliyin hamisi hesab edilən çobandan yaxşı məhsul istəyini ifadə edir.
Bayramın sonunda arzuların reallaşması üçün həmin bambuk budaqları yaxınlıqdakı çaya axıdılır.

Bu bayramda mütləq uzunömürlülüyü və ailə səadətini rəmzləşdirən kağız durnalar, uğuru bildirən pul qabı, yaxşı balıq ovunu əks etdirən tor və təmizliyi göstərən tullantı torbası da olur.

Uşaqların və gənclərin sevimli bayramı olan Tanabataya məktəblərdə və uşaq bağçalarında hazırlıq erkən başlayır. Uşaqlar arzularını şeirlə ifadə etməyi, bayrama həsr edilmiş rəqsləri məşq edirlər. Bütün bunlar uşaqlarda, xüsusən qızlarda əməksevərliyi, düzgünlüyü və sədaqəti tərbiyə etməyə xidmət edir.

Tanabata festivalı, demək olar ki, Yaponiyanın hər yerində, küçə və meydanlarda, ticarət mərkəzlərində və məbədlərdə geniş şəkildə qeyd edilir. Müxtəlif rayonlarda yerli adətlərlə qarışmış bayram fərqli formada qeyd edilir. Bu zaman “Ən gözəl geyim”, “Miss Tanabata” yarışları və müxtəlif əyləncəli tədbirlər keçirilir.


Teqlər:  





Xəbər lenti