Prezident Administrasiyası: “Problemlər həll olunub”

Prezident Administrasiyası:  “Problemlər həll olunub”
  12 İyul 2013    Oxunub:4196
“Dövlət orqanlarının xalq ilə ən etibarlı ünsiyyət vasitəsi olan müraciətlər həmişə diqqət mərkəzində olub və dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq onlara diqqət gündən-günə artırılır”.
AzVision.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov deyib.

Şöbə müdiri bildirib ki, vətəndaşlar dövlətdən ilk növbədə sabitlik və əmin-amanlığın olmasını, özünün və ailəsinin dinc, rahat şəraitdə yaşamasını, maddi güzəranının, yaşadığı kəndin, qəsəbənin və şəhərin abadlığının təmin edilməsini, yolların, müasir məktəb və xəstəxanaların, digər infrastruktur obyektlərinin yüksək standartlar səviyyəsində fəaliyyət göstərməsini, dünyada mövcud olan qabaqcıl texnologiyaların hər bir sahədə tətbiq olunmasını, bir sözlə, ölkəmizdə insanların həyat səviyyəsinin qabaqcıl ölkələrdəki səviyyəyə uyğunlaşdırılmasını istəyir.

S.İsmayılov deyib ki, 2013-cü ilin əvvəlindən vətəndaşlardan yüzlərlə minnətdarlıq məktubu daxil olub:

“Vətəndaşların problemlərinin həllinə göstərilən qayğı və diqqətin nəticəsidir ki, keçən ilin müvafiq dövrünə nisbətən bu ilin birinci yarısında müraciətlərin, o cümlədən şikayətlərin sayı xeyli azalıb. Müsbət cəhətlərdən biri də budur ki, vətəndaşlar öz müraciətlərində şəxsi problemlərindən daha çox ictimai məsələləri qabardır, bütövlükdə insanları düşündürən problemlərdən, yaşadığı kəndin və qəsəbənin inkişafına aid məsələlərdən bəhs etməyi üstün tutur və onların həlli yollarını göstərməyi özlərinə borc bilirlər.

Şikayətlərin bütövlükdə azaldığı şəhər və rayonlardan Şəki, Daşkəsən, Füzuli, Laçın, Şuşa, Tərtər, Tovuz, Yardımlı və Bakının Qaradağ, Xətai, Sabunçu, Suraxanı rayonlarını göstərmək olar. Bəzi məsələlərlə bağlı artan ərizələrin təhlili göstərir ki, həmin ərizələrdə insanların təsərrüfat fəaliyyəti ilə məşğul olması məqsədi ilə sahibkarlara daha çox güzəştli kreditlər verilməsi, respublikada yetişdirilən kənd təsərrüfatı və istehsal edilən sənaye məhsullarının ixracına dəstəyin gücləndirilməsi və s. xahiş olunur.

Bu ilin əvvəlindən başlayaraq Azərbaycan Prezidentinin tövsiyəsi ilə mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların rəhbərlərinin respublikanın bütün bölgələrində keçirdikləri çoxsaylı qəbullar buna əyani misal ola bilər. Təkcə aprel, may və iyun aylarında respublikanın 32 şəhər və rayonunda keçirilmiş qəbullarda bütövlükdə 58 şəhər və rayonun 4 mindən çox sakini rəhbər vəzifəli şəxslər tərəfindən qəbul olunub, yerlərdə yaranmış problemlər operativ həll edilib, bir çox məsələlər öz həllini tapıb.

Heç kəs şübhə etməməlidir ki, Prezident Administrasiyasında vətəndaşların müraciətlərinə baxılmasının daha da yaxşılaşdırılmasının təşkili həmişə olduğu kimi, bundan sonra da ümdə məsələlərdən biri olaraq qalacaq, respublikanın bütün dövlət orqanlarında bu işə diqqət artırılacaq.

Azərbaycan xalqının rəyini ifadə edən Yeni Azərbaycan Partiyası, respublikanın bir çox ictimai-siyasi təşkilatları və digər qurumlar ölkə Prezidentinə olan inam və etimadlarını nümayiş etdirərək böyük siyasi lider İlham Əliyevi növbəti prezident seçkilərində ən layiqli namizəd kimi irəli sürmüblər.

İnanırıq ki, xalqımız hər bir azərbaycanlının böyük ümid bəslədiyi İlham Əliyevə yekdilliklə səs verməklə müstəqil siyasətə, ləyaqətli siyasətə, heç kimin qarşısında baş əyməmək siyasətinə, nəyin bahasına olursa-olsun müstəqilliyimizi qorumaq siyasətinə, bir sözlə, Azərbaycanın uğurlu inkişafına səs verəcək”.


Teqlər:





Xəbər lenti