Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə

Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə
  12 İyul 2013    Oxunub:1514
Baş Prokurorluğun əməkdaşları Avropa Şurasının tədbirində iştirak ediblər.
Kiyev şəhərində Avropa Şurasının təşkilatçılığı ilə "Düzgün İdarəçilik və Korrupsiyaya qarşı mübarizə" layihəsi çərçivəsində "Hüquqi şəxslər tərəfindən törədilən hüquqpozmalara görə cinayət, inzibati və mülki məsuliyyətin tətbiqi ilə əlaqədar standartların implementasiyası" mövzusunda 2-ci regional məşğələ keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, seminarda Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belarus və digər ölkələrdə hüquqi şəxslər tərəfindən törədilmiş korrupsiya hüquqpozmalarına görə mülki, inzibati və cinayət məsuliyyəti ilə əlaqədar mövcud hüquqi təcrübənin, qanunvericiliyin və qanun layihələrinin təqdimatları keçirilib, müxtəlif ölkələrdə törədilmiş cinayət hadisələri ilə bağlı təhlillər aparılıb.

Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin prokuroru vəzifəsini icra edən Samir Mahmudov çıxış edərək, Azərbaycan Respublikasında hüquqi şəxslərin mülki və inzibati məsuliyyətə cəlb edilməsinin hüquqi əsasları və təcrübəsi, gələcəkdə ölkə daxilində hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin tətbiqi istiqamətində cinayət qanunvericiliyində edilmiş dəyişikliklər və əlavələr, habelə bununla bağlı hazırlanan qanun layihələri barədə seminar iştirakçılarına məlumat verib və iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti