Bakıda məişət zorakılığı ilə bağlı təlim

Bakıda məişət zorakılığı ilə bağlı təlim
  15 İyul 2013    Oxunub:1358
Təlimdə UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu problemin həlli istiqamətində fəallığı xüsusilə vurğulanıb.
Məişət zorakılığının qurbanları üçün “Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi” layihəsi çərçivəsində beynəlxalq təlim keçirilir.

AzVİsion.az xəbər verir ki, bu gün Bakıda başlayan təlim Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə Avropa Komissiyasının dəstəyi ilə baş tutur.

Məişət zorakılığının qurbanları üçün olan Dəstək Mərkəzlərinin heyəti üçün bacarıqların artırılması üzrə təlimin açılış mərasimində Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) İdarə Heyətinin sədri, millət vəkili Əli Hüseynli çıxış edərək beynəlxalq təlimin əhəmiyyətindən danışıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Səfər İmanov isə çıxışında təmsil olunduğu qurumun və ümumiyyətlə Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işləri sadalayıb.

Türkiyə Cümhuriyyətinin Başkent Universitetinin İctimai Səhiyyə Şöbəsinin Müdiri, həmin universitetin Qadın-Uşaq sağlamlığı və ailə planlaşdırılması üzrə tədqiqat və icraat mərkəzinin direktoru Prof. Dr. Ayşe Akın məişət zorakılığı probleminin bütün dünyada olduğunu xatırladıb.

O, həmçinin UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu problemin həlli istiqamətində fəallığından danışıb.
BMT-nin Əhali Fondu Gender üzrə müşaviri Bəhicə Əliyeva isə bildirib ki, təlimin əsas məqsədi qeyd olunmuş layihə çərçivəsində pilot rayon kimi seçilmiş Xaçmaz rayonunda yerləşən Məişət zorakılığının qurbanları üçün olan Dəstək Mərkəzinin işçi heyətinin məişət zorakılığı qurbanlarına daha səmərəli yardımın göstərilməsi üçün bilik və bacarıqlarının artırılmasından ibarətdir.

Təlim beynəlxalq mütəxəssislər qrupu tərəfindən keçirilir. Belə ki, Türkiyə Cümhuriyyətinin Başkent Universitetinin İctimai Səhiyyə Şöbəsinin Müdiri, həmin universitetin Qadın-Uşaq sağlamlığı və ailə planlaşdırılması üzrə tədqiqat və icraat mərkəzinin direktoru Prof. Dr.Ayşe Akın, sosial işçi Sultan Çamur Karataş və Gender məsələləri üzrə mütəxəssis Ezgi Türkçelik tədbirdə təlimçilər qismində iştirak edirlər.

Təlimdə əsasən gender bərabərliyi və məişət zorakılığı, eyni zamanda məişət zorakılığı üzrə müvafiq beynəlxalq və yerli qanunvericilik və müdafiə mexanizmləri üzrə iştirakçılara əsaslı biliklər verilərək, məişət zorakılığı qurbanları ilə işin təşkil olunması üzrə konkret bilik və bacarıqlar veriləcək. Təlimdə məişət zorakılığının Azərbaycan qanunvericiliyi çərçivəsində tənzimlənməsinə xüsusi diqqət yetiriləcək.

Təlim iyulun 19-da başa çatacaq.

Fatimə KƏRİMLİ


Teqlər:





Xəbər lenti