Dünən 25 abituriyent imtahandan xaric edilib

Dünən 25 abituriyent imtahandan xaric edilib
  15 İyul 2013    Oxunub:1258
İmtahanın nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 14-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində aparılıb.

Bütün mərkəzlərdə imtahan saat 11:00-da başlamış və 3 saat ərzində aparılıb.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanmış və imtahanın gedişi nəzarətdə saxlanıb.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilmiş, abituriyentlərin öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən müxtəlif binalarda 25 abituriyent müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı həyata keçirilir.

Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

AzVision.az


Teqlər:  





Xəbər lenti