Cəbhəçilərlə müsavatçılar əlbəyaxa oldular

Cəbhəçilərlə müsavatçılar əlbəyaxa oldular
  16 İyul 2013    Oxunub:1287
Əyalət müxalifətçilərinin sosial şəbəkələrdə başlayan davası çayxanada davam edib
Milli Şura ilə Müsavat Partiyası arasında yaşanan “soyuq müharibə” sosial şəbəkələrə də sirayət edib. Müsavat funksionerlərinin Milli Şura ilə bağlı korrekt mövqe nümayiş etdirməməsi bu partiya ilə AXCP-nin münasibətlərinə daha çox təsir edib.

Əslində bu partiyalar arasında münasibətlər elə əvvəldən normal deyildi. Hər iki partiya üzvləri daim bir-birlərini iqtidara işləməkdə, satqınlıqda ittiham ediblər. Partiyaların Milli Şuraya yanaşma tərzi vəziyyəti bir qədər də gərginləşdirib. Artıq sosial şəbəkələrdə hər iki partiya üzvlərinin bir-birini ittiham edən yazışmaları yer alır. Xüsusən də fasebookdakı «Susma» qrupunda tərəflər qarşılıqlı ittihamlarla çıxış edirlər. Bu qrupda gedən ittiham dolu müzakirələrdə Masallı müsavatçıları fəallıq göstəriblər. Onların AXCP-nin ünvanına yönəlik fikirləri mübahisələrə səbəb olub. Sosial şəbəkədəki bu mübahisələr hətta çayxanalara da daşınıb.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, Masallıdakı çayxanaların birində Müsavat və AXCP üzvləri arasında gərgin mübahisə yaşanıb. Sosial şəbəkələrdəki virtual mübahisələrdən onra çayxanaya üzbəüz “razborka”ya toplaşan tərəflər uca səslə bir-birlərini ittihama tuş edib, satqınlıqda, iqtidarda işləmkdə suçlayıblar. Virtualaz.org-un əməkdaşı həmin mübahisənin bilavasitə şahidi olub. Jurnalist olduğun bildirməyən əməkdaşımız mübahisəni sadə vətəndaş qismində müşahidə edib.

Mübahisə edən şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmasa da tərəflərin atışmasından kimin hansı partiyaya mənsub olduğunu təxmin etmək çətin olmayıb. AXCP üzvləri müsavatçıları “Sizin lideriniz iqtidara işləyir. Necə olur ki, repressiya və basqılara daha çox cəbhəçilər məruz qalır? Hakimiyyət müxalifətçiləri sıxışdırırsa, onda müsavatçılara belə loyal münasibət nəyin təzahürüdür?” sualları ilə üzbəüz qoymaqla onları açıq şəkildə iqtidara satılmaqda suçlayıblar.
Elə müsavatçılar da itihamlara ittihamlarla cavab verib: “AXCP-nin Masallıda heç bir dayağı yoxdur. Görün, nə günə qalmısınız ki, rayonda hamının «alkaş» kimi tanıdığı köhnə YAP-çı Məmmədağa Eynullayevə möhtac olmusunuz. Sədrinizin müavini Fuad Qəhrəmanlı Masallıya gələndə onunla görüşməyə adam tapa bilmədiniz, Məmmədağa Eynullayevin gətirdiyi fəhlələri otuzdurdunuz salonda. Onların da pulunu verməyib Masallı müxalifətini bütün ölkədə biabır etdiniz”.

Qeyd etdiyimiz kimi, bu partiyalar arasında münasibətlər onsuz da gərgin idi. Amma bu gərginlik ən azı rayon şöbələrinə sirayət etmirdi. Rayondakı müxalifətçilərin münasibətləri qaydasında idi. Onlar çayxanalarda birgə domino oynayaraq gün keçirirdilər. Milli Şura yaranandan sonra isə bu partiyaların rəhbərliyinə daxil şəxsləri arasında başlayan “soyuq müharibə” artıq aşağılara da təsir edib. İndi sosial şəbəkələrdə bir-birini ittiham edən Müsavat və AXCP üzvləri daha çayxanalarda birgə domino da oynamırlar. Güman ki, seçkilər yaxınlaşdıqca “soyuq müharibə” açıq mübarizəyə keçəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti