Şirvanlılara 24 saat fasiləsiz su verildi

Şirvanlılara 24 saat fasiləsiz su verildi
  17 İyul 2013    Oxunub:1377
İçməli su təchizatı sektorunda həyata keçirilən ən böyük infrastruktur layihələrindən olan Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsi nəticəsində hazırda şəhərin 15 min sakininin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşıb və abunəçilər 24 saat fasiləsiz su ilə təmin olunub.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, təməli 2012-ci ilin iyul ayında Prezident İlham Əliyev tərəfindən qoyulmuş Şirvan-Muğan qrup su kəmərinin Şirvan şəhərinədək olan hissəsinin inşasının yekunlaşması Şirvan şəhərinə yeni mənbədən içməli suyun verilməsinə imkan yaradıb. Prezident İlham Əliyevin iştirakı ilə 2013-cü il iyul ayının 1-də Şirvan şəhərinə içməli suyun verilməsi mərasimi keçirilib.

İlkin mərhələdə yeni mənbədən içməli suyun mövcud şəbəkə vasitəsilə Şirvan şəhərinin bir hissəsinə, eləcə də Yeni yaşayış massivinə verilməsinə başlanıb. Bununla da indiyədək mövcud şəbəkə vasitəsilə bir gündən bir su alan şəhər əhalisinin bir hissəsinə 24 saat fasiləsiz içməli suyun verilməsi təmin edilib.

Hazırda Yeni yaşayış massivində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması işləri davam etdirilir. Ümumi uzunluğu 60 km olan paylayıcı şəbəkənin 45,7 km-lik hissəsi çəkilib və bununla da 4 mindən çox sakin 24 saat fasiləsiz içməli su ilə təmin olunub. İşlər tam başa çatdıqdan sonra Şirvan şəhərində su təchizatı yaxşılaşdırılmış əhalinin sayı 25 min nəfərə çatacaq. Yeni yaşayış massivində 2 minədək abonent ön ödənişli smart-kart sayğaclarla təmin olunacaq.

Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tamamilə yenidən qurulması isə Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində həyata keçiriləcək.

Qarşıdakı aylarda Şirvan-Muğan qrup su kəmərindən Salyan və Biləsuvar şəhərlərinə də içməli suyun verilməsi təmin ediləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti