Fransa mətbuatı Heydər Əliyev Fondundan yazdı

Fransa mətbuatı Heydər Əliyev Fondundan yazdı
  18 İyul 2013    Oxunub:1109
Fransanın məşhur "BeauxArts" mədəniyyət jurnalı Heydər Əliyev Fondu və Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki fəaliyyətindən yazıb.

AzVision.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyulun 4-dən 7-dək keçirilən "Azərbaycan Kannda" layihəsinə diqqət çəkən dərgi yazır ki, Azərbaycanın zəngin mədəniyyətini təbliğ edən çoxsaylı tədbirlər sayəsində Kruazett bulvarı Qafqaz incilərinin rənginə boyanıb:

"Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam Leyla Əliyeva bu hadisələrin mərkəzindədir. İncəsənət qəlbin güzgüsüdürsə, Leyla Əliyeva xalqının simasıdır. O, enerjili, yaradıcı və hər zaman axtarışda olan şəxsdir. Bu gənc xanım 1985-ci ildə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ailəsində anadan olub. O, bütün fəaliyyət istiqamətlərində ön sıralardadır. Leyla Əliyeva özünü ailəsinə həsr etməklə yanaşı, ölkəsində keçirilən bir sıra xeyriyyəçilik və ətraf mühit layihələrini dəstəkləyir. O, həmçinin "Xocalıya ədalət" ictimai kampaniyasının təşəbbüskarı olmaqla, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş soyqırımına dair həqiqətləri dünya ictimaiyyətinə çatdırmağı qarşısına məqsəd qoyub. Leyla Əliyeva özünü ələlxüsus incəsənətə həsr edib. Hər zaman gülərüz və pozitiv olan Leyla Əliyeva fərqli layihələrin öhdəsindən asanlıqla gəlir. O, Azərbaycan incəsənətini təbliğ etmək istiqamətində səy göstərməklə, bu sahədə aparıcı rola sahib şəxslərdəndir".

Heydər Əliyev Fondunun əsas amalından yazan "BeauxArts" jurnalı daha sonra qeyd edir ki, 2004-cü ildə Azərbaycanın mədəni dəyərlərini qoruyub onları dünyada tanıtmaq məqsədilə yaradılan Heydər Əliyev Fondu ölkənin ən böyük qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır. Fondun fəaliyyətinin əsasında humanitar proqramlar, habelə təhsil, səhiyyə və elm sahələrinin inkişaf etdirilməsinə yönəlik layihələr durur:

"Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəsində müasir incəsənət sahəsinin əsas simalarındandır. O, nüfuzlu akademik təhsilə yiyələnmişdir. Leyla Əliyeva, Londonun Queens Kollecində, həmçinin Parisin ən böyük kolleclərindən olan Avropa Biznes Məktəbində təhsil alıb. Leyla Əliyeva 2008-ci ildə Rusiya Federasiyası Xariçi İşlər Nazirliyinin yanında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr dərəcəsinə yiyələnib. Lakin bununla belə onun müasir incəsənətə olan sevgisi azalmayıb. Leyla Əliyeva uşaqlıq çağlarından yaradıcı mühitdə böyümüşdür. O, dünyada tanınan qədim və zəngin Azərbaycan ənənələrini qiymətləndirmək ruhunda tərbiyə alıb. Bu mədəniyyətin nümunələri olan qədim saxsı qablar, xalçalar, zinət əşyaları Parisin Luvr, Nyu-Yorkun Metropoliten, Sankt-Peterburqun Ermitaj, Londonun Viktoriya və Albert muzeylərində saxlanılır".

Son illər Azərbaycanın müasir incəsənət aləmi diqqət mərkəzindədir. 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Müasir İncəsənət Muzeyi Azərbaycan avanqardını özündə təcəssüm etdirir.

"Bakıya uçuş" ("Fly to Baku") layihəsi isə 20-dən artıq rəssamın 100-ə yaxın əsərini öz ətrafında toplayıb və bu müasir insəcənət sərgisi Leyla Əliyeva tərəfindən dəstəklənmişdir. Sərginin əsərləri Parisdən Vyanayadək, Moskvadan Romayadək və Berlindən Londonadək təqdim edilib.

Bu gənc kosmopolit xanım "Baku" jurnalında bir sıra rəsm əsərlərini nəşr etdirir və monumental işlərin layihələndirməsinə imza atır. O, "Brain" - ürək şəklində olan və Niki de Sen Fallin əzəmətli əsərini xatırladan heykəlin müəllifidir.

Məqalədə qeyd olunub ki, bu yay fransız tamaşaçılarına Azərbaycan dünyasını görmək imkanı verəcək. İyul ayında Kann şəhərindəki Kruazett bulvarında bu coşqun ölkəni tərənnüm edən coxsaylı sərgilər nümayiş olunur. Qərb və Şərq sivilizasiyaları arasında yerləşən bu respublika 1991-ci ildə SSRİ-nin tərkibindən çıxmış və öz müstəqilliyini bərpa etmişdir. Tanınmış incəsənət xadimləri möhtəşəm həftə ərzində öz əsərlərini nümayiş etdirir və bu, öz növbəsində zəngin incəsənət aləminə qərq olmaq imkanı yaradır.

AzVision.az


Teqlər:  





Xəbər lenti