Müsavat-AXCP davasının detalları

Müsavat-AXCP davasının detalları
  18 İyul 2013    Oxunub:1444
Milli Şura ilə Müsavat partiyası arasında yaşanan soyuq müharibə sosial şəbəkələrə də siraət edib. Müsavat funksionerlərinin Milli Şura ilə bağlı korrekt mövqe nümayiş etdirməməsi bu partiya ilə AXCP-nin münasibətlərinə daha çox təsir edib.

Əslində bu partiyalar arasında münasibətlər elə əvvəldən normal deyildi. Hər iki partiya üzvləri daim bir-birlərini iqtidara işləməkdə, satqınçılıqda ittiam ediblər. Partiyaların Milli Şuraya yanaşma tərzi vəziyyəti bir qədər də gərginləşdirib.

Artıq sosial şəbəkələrdə hər iki partiya üzvlərinin bir-birini ittiham edən yazışmaları yer alır. Xüsusən də «facebook»dakı «Susma» qrupunda tərəflər qarşılıqlı ittihamlarla çıxış edirlər. Bu qrupda gedən ittiham dolu müzakirələrdə Müsavat partiyası Masallı rayon təşkilatının sədri Xasay Səfərli və ona yaxın şəxslər fəallıq göstəriblər. Onların AXCP-nin ünvanına yönəlik fikirləri mübahisələrə səbəb olub. Sosial şəbəkədəki bu mübahisələr hətta çayxanalara belə daşınıb.

Əldə etdiyimiz məlumata görə, Masallıda yerləşən çayxanalardan birində Müsavat və AXCP üzvləri arasında gərgin mübahisə yaşanıb. Tərəflər uca səslə bir-birlərini ittihama tuş edib, satqınçılıqda, iqtidara işləməkdə suçlayıblar.

AXCP üzvü müsavatçıları «Sizin sədriniz iqtidara işləyir. Necə olur ki, sədrinizin kəndində asfalt olmadığı təqdirdə, Xasay Səfərlinin evinin kandarına qədər asfalt döşənir? Bu hakimiyyət müxalifətçilərə təzyiq edirsə, sizin sədrinizin qardaşı və qohumları diş klinikalarını necə açırlar? Dövlətə bir qəpik də vergi ödəmədən necə fəaliyyət göstərirlər? Hakimiyyət müxalifətçiləri sıxışdırırsa, onda müsavatçılara belə loyal münasibət nəyin təzahürüdü» sualları ilə üzbəüz qoymaqla, onları açıq şəkildə iqtidara satılmaqda ittiham edib.

Elə müsavatçı da itihamlara ittihamlarla cavab verib: «AXCP-nin Masallıda heç bir dayağı yoxdu. Görün, nə günə qalmısınız ki, rayonda hamının «alkaş» kimi tanıdığı, köhnə yap-çı Məmmədağa Eynullayevə möhtac olmusunuz. Fuad Qəhrəmanlı Masallıya gələndə onunla görüşməyə adam tapa bilmədiniz, Məmmədağanını gətirdiyi fəhlələri otuzdurdunuz salonda. Onların da pulunu verməyib Masallı müxalifətini bütün ölkədə biabır etdiniz».

Qeyd etdiyimiz kimi, bu partiyalar arasında münasibətlər onsuz da gərgin idi. Amma bu gərginlik ən azı rayon şöbələrinə sirayət etmirdi. Rayondakı müxalifətçilər çayxanalarda birgə domino oynayaraq gün keçirirdilər. Milli Şura yaranandan sonra bu partiyaların yüksək ranqlı şəxsləri arasında yaşanan soyuq müharibə artıq aşağılara da təsir edib.

İndi sosial şəbəkələrdə bir-birlərini ittiham edən Müsavat və AXCP üzvləri daha çayxanalarda birgə domino da oynamırlar. Güman ki, seçkilər yaxınlaşdıqca soyuq müharibə açıq mübarizəyə keçəcək. Bu mübarizəyə partiyaların aşağı təbəqələri də qoşulunca, Müsavat-AXCP arasındakı bütün körpülərin yandırılması qaçılmaz olacaq.


Tariyel Həsənov


Teqlər:  





Xəbər lenti