Sarkisyanla müsahibə - FELYETON

Sarkisyanla müsahibə  -  FELYETON
  19 İyul 2013    Oxunub:1578
`20% ildən sonra...`
- Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Sizinlə yenə də Mənəm. Bir vaxtlar qarşınıza xəbər aparıcısı kimi çıxsam da bu dəfə analitik verilişlərə müraciət etməyə qərar verdim. Axı adam nə qədər cansız kameranın qarşısında dayanıb özü-özünə danışar... Odur ki, canlı və həyacanlı müsahiblərimlə yenidən qayıtdım. Özü də müsahiblərimi dünyanın ən “güc”lüləri arasından seçməyə qərar verdim. Beləliklə verilişimiz davam edir. Bu dəfəki müsahibimi çoxunuz tanıyırsınız. Bu, Cənubi Qafqazıda ən dadlı əriklərilə ilə məşhur bir ölkənin baş naziri Tiqran Sar-Kis-Yandır.

-Tiqrancan. Son zamanlar camaat arasında belə bir söz-söhbət gəzir ki, guya siz də bu offşor məsələlərinə qarışmısınız. Deyirlər ki, offşorda firma açıb qara camaatın şorlarını daşıyıb aparırsınız... Sizin kimi belə yüksək bir postun sahibinin şora keçdiyi doğrudurmu?


-Offff... yenə də bu şor məsələsi...Bu barədə qulağıma söz çatıb. Məsələdən xəbəri olmayanlar elə bilirlər ki, mən, burdan ora şor aparıram, hələ Kiprdəki məşhur “Şor” firmasının 3 ortağından biriyəm, əsla, hamısı böhtandır! Bunula bağlı Ermənistan Baş Prokurorluğuna şikayət etmişəm. Əsl şorsatanları özü tapacaq. Özü də deyirlər ki, guya mən prezidentin kölgəsində gizlənmişəm. Bəziləri isə iddia edir ki,mən elə prezidentin öz kölgəsiyəm. Bütün kölgəli işlərini mənim vasitəmlə həyata keçirir, mənə ancaq imzalamaq qalır. İmzalamağına imzalyıram, amma kölgə məsələsi bir az başqadır. Əslində nazirlər kabinetində “soyadaşım” prezidentin mənə ayırdığı kabinet, binanın gündəyməzindədir. Sağ olsun bilir ki, günə allergiyam var. İndi də ki, yaydı. Elə kölgədə bir küncdə oturub işimlə məşğul oluram. Sonunda adım olan sənədlərə qol çəkirəm. Təbii ki, dövlət işləri hər şeydən vacibdir, amma sağlamlığımın da qeydinə qalmalıyam. Hələ 53 yaşım var, cavan adamam, 3 balam var. Keçən ay infeksion xəstəliyə tutulmuşdum. “Nairi” xəstəxanasında yatdım. Bilmədim ONLARIN hansından keçdi...

-Çox sağ olun. Tamaşaçılarımız arasında da sizə sual ünvanlamaq istəyənlər çoxdur. Daha çox gələn SMS –lər isə sizin adınızla bağlıdır. Hətta absurd fərziyyələr də irəli sürülüb. Yazırlar ki, sizin adınız türk adıdır. Bu sar, yan azərbaycan sözləridir...

-Həə, yenə də bu. Yox, adım ingilis dilinin erməninkinə təsiri nəticəsində yaranıb. “Tiq” bizim dildə toxunmaq deməkdir, “ran” isə ingilis dilindəki “run” qaçmaq sözündən keçib, yəni “toxunqaç”. Amma məndən qaçmaq lazım deyil. Niyəsini deyim- baxın Sar-kis-yan, “ Sar” –qucaqla, “kis”-arxasına “s” qoysaq olur “kiss”, bu da ki öp deməkdir, “yan” da ki, hamımız yanırıq... Yəni “toxunqaç” amma “qucaqla-öp-yan” .

- Ətraflı və inandırıcıdır! Tiqrancan ancaq “sar” qucaqla , Azərbaycan sözü deyilmi?!

- Bəs reklamlar olmayacaq?

- Suallar çoxdur. 2008-ci il , aprelin 9-dan baş nazirsiniz, ikinci dəfə seçildiniz. Elə bütövlükdə hökumətin tərkibi də dəyişməz qaldı. Siz əvəzedilməzsinizmi?

- Qədim erməni xalq yaradıcılığından atalar sözləri, deyimlər misal gətirmək olar, məsələn, “Köhnə eşşək qapını batırmaz”, “İlanın sərkisyanına da, nalbəndinə də lənət”, ” Eşşəyi yarı yolda dəyişməzlər”,”Hər itin öz yeri var”, “Susmaq qızıldır, susmamaq-Nubaraşen həbsxanası”, ancaq efirdə bunları səsləndirməyəcəm. Belə deyim... Bu bizim Cənubi Qafqazda Rusiyanın yeganə sadiq dostu (indi nə olsun ki, milli qəhrəmanımıza arvad xalatı geyindiriblər, böyük qardaşdı deyir, geyin geyinərik...) olan Ermənistan dövlətində stabilliyin nəticəsidir. Və bu stabil-dinamik inkişafın zənciri mənim boynumdadır. Bayaq dedim axı “Hər itin öz yeri var”. Bunula yanaşı mən sakit, səssiz bir insanam. Elə buna görə də kabinetim sakit bir küncdədir. Deyirlər guya mən, pul yuyuram. Ancaq diqqətinizə çatdırım ki, mən otağımda oturub sakitcə artıq təsdiqlənmiş sənədlərə qol çəməklə məşğulam.

-Yerevan sakini soruşur: Tiqrancan, qazın qiyməti qalxdı dinmədik, işığın qiyməti qalxdı yenə dillənmədik, deyə bilərsinizmi, bəs xiyarın qiyməti niyə qalxdı?

-Deməli, deməli...bizim bəxtimiz belədir, nəyimizsə qalxır, nəyimizsə enir...

-Hörmətli qonaq! Ermənistanın gündən-günə belə çiçəklənməsinə baxmayaraq, kəndlərdə, kiçik şəhərlərdə, lap elə paytaxtda, açıq deyəcəm lap elə işğal edib, kasıb-kusubu yerləşdirdiyiniz torpaqlarda vəziyyət acınacaqlıdır. Gündə qaz, elektrik, yol, nə bilim nə qəzaları baş verir. Camaat bir qarın ac, bir qarın tox dolanır. Yəni, büdcədə kifayət qədər vəsait yoxdur ki, bizim vətəndaşlar, bütün çətinlikləri , əzab- əziyyəti unudub, nəhayət ki, qeyd etdiyim kimi ÇİÇƏKLƏNƏN Ermənistanda yaşadıqlarını dərk etsinlər, sizin qayğınızı hiss etsinlər.

- Niyə ki, büdcəmiz elə də pis deyil. Bircə Karvaçar( Kəlbəcər) bəsdi onu doldurmağa. Şuşada muzeylərin, abidələrin sayı artıb, oralarda otellər tikmişik, turbazalar açılıb. Yaxşı gəlir götürəcəyik. O ki qaldı siz deyən məsələlərə, bu bizim uzaqgörən siyasətimizn nəticəsidir. Nəyimizə lazımdı nəyi isə bərpa etmək. Kimbilir axı 3-5 ildən sonra nə olacaq?! Məmməd dayı üçün tikək? Bu elə-belə məsələ deyil. Baxın 1994-cü ildə düşmənlə atəşkəs imzaladıq. İndi qurub yaratmaq işinə onlar baxırlar. Rayonların inkişafına milyonlar ayırırlar. Odur ki, ağıllı olmalıyıq, havayı yerə pul xərcləmək lazım deyil. Hazır varkən, naziri də biz olarıq. Gördüyünüz kimi biz xalqı düşünürük.

-Bir tamaşaçımız isə siyasətdən tamamilə kənar, əsl qadın sualı verir: Sizin üçün “saf məhəbbət” nədir?

-A-ha, mənim üçün saf məhəbbət “hamamdan sonra”və bir də bir bakal “Ararat” konyakıdır.

Suallarımızı ətraflı cavablandırdığınız üçün çox sağ olun. Səmimiyyətinizdən sui-istifadə etməyəcəm. Fürsətdən istifadə edib təhlükəli infeksion xəstəlikdən qurtulduğunuz üçün sizi təbrik edirəm. Allah sizə uzun ömr versin. Neçə yaşınız vardı, 53? O gün olsun ki, 73 yaşınızı studiyamızda qeyd edək... Bir dəqiqə... 53... 73... deməli 73- 53 = 20, İşə bax , nə təsadüf... işğal olunmuş torpaqlar da 20% -dir. Elə isə danışdıq, deməli 20% ildən sonra... Ölməsək sağ qalsaq...

-Görürəm , yumor hissiniz güclü imiş, hörmətli aparıcı...

-Elədir. Gələn görüşədək, gedim növbəti GÜCLÜ müsahibimi axtarım...))

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti