Qənirə Paşayeva 700 bal toplayan qızdan yazdı

Qənirə Paşayeva 700 bal toplayan qızdan yazdı
  19 İyul 2013    Oxunub:6458
Gözlədiyim qız!
Tovuz rayonundan seçilən millət vəkili Qənirə Paşayeva III qrup qəbul imtahanında 700 bal toplayan Tovuz rayon Bozalqanlı kəndinin məzunu Nərminə Murğuzovadan yazıb. AzVision.az millət vəkilini Facebook sosial şəbəkəsində yazdığı köşə yazısını təqdim edir:

Gözlədiyim qız!

Kənd qızı və 700 bal!

Neçə il idi Nərminəni gözləyirdim... – Tələbə qəbulundə ən yüksək nəticə göstərəcək kənd qızını! Yalnız gözləməklə yetinməyərək, mən o qızı (qızları) seçki bölgəmdə şagirdlərlə ardıcıl görüşlərimdə axtarırıdım da… Yaxşı oxuyan, istedadlı, gələcək vəd edən şagirdlərlə hər zaman ayrıca söhbətimiz olardı. Onları daha yaxşı nəticələr göstərməyə qadir olduqlarına inandırmaqla yanaşı müxtəlif mövzular və ya onlara hədiyyə etdiyimiz kitablar ətrafında müzakirələr aparardıq…

Qızlarla söhbət xüsusi olardı. Bu qızları oğlanlardan daha üstün tutduğum üçün deyil, qızların özlərinə güvən hisslərinin oğlanlarımızdan daha az olması barədə müşahidələrimin nəticəsində gəldiyim qərar idi. Mənim düşüncəmə görə, savadlı, inkişaf edən cəmiyyəti ancaq savadlı qadınların, anaların sayının artması, onların hüquq bərabərliyinin olduğu (qadına münasibətdə sərt sterotiplərin olmadığı) ortam doğura, formalaşdıra bilər.

…O yaşıdlarının çoxundan fəqli idi. Ağıllı gözləri, səlis məntiqi, zəhmətsevərliyi, oxumaq sevdası, ətrafa münasibəti, insanlıq barədə fikirləri və hər zaman ailəsini düşünməsi ilə çox fəqli idi Nərminə… Nərminə sadə bir ailənin övladıdır və gələcəyini qurmaq üçün ailəsindən deyil, məhz özündən çox şeyin asılı olduğu bilincini kiçik yaşlarda mənimsəyərək kitablara sarılmış bir kənd qızıdır…

Yaşıdları arasında bəzək-düzəyi ilə deyil, biliyi, dünyaya və həyata baxışı, insanlara yararlı olması ilə fərqlənməyi sevən bir qızdı o…

Məktəbdə oxuyan kənd qızlarına örnək olan, bu gün də kənddə oxuyaraq da ən yüksək nəticəni göstərməyin mümkünlüyünə qızları (bütövlükdə, həmyaşıdlarını, gələcək abituriyentləri) inandıra bilən, onlarda ruh yüksəkliyini, özgüvəni daha da artıran belə bir gözəl örnəyə çox ehtiyac var idi və biz onu axtarırdıq. Bu missiyanı Nərminə böyük uğurla həyata keçirdi. Əslində onun uğuru gözlənilməz deyil(di). Müəllimləri onun yüksək nəticələr göstərəcətinə əmin idi.
Ötən il tələbə qəbulunun nəticələri ilə bağlı Bozalqanlı kənd məktəbində keçirdiyimiz görüş və müzakirələr zamanı 680-də yuxarı bal toplamış gəncimizi təbrik edərkən, “artıq 700 balın zamanı gəldi, gələn il bu nəticəni almalıyıq” deyəndə, məktəb direktoru Nüsrət müəllim və kollektiv, “bəzi şagirdlərimizdən gözləyirik bu nəticəni” deyəndə bir çoxları məhz Nərminəni nəzərdə tuturmuş. O bütün müəllimlərinin ümidlərini doğrultdu. Ailəsinin, müəllimlərinin onun üçün əziyyətlərini onların başını uca etməklə doğrultdu. O, hamımızın ümidini doğrultdu! Mən onun bu uğuru qazandığı barədə ilk məlumatı alanda onunla qürur duymuşdum. Elə sabahı Bozalqanlı kəndində Nərminəni və ailəsini təbrik edəndə, “səninlə qürur duyuruq” dedim, “hamı, təkcə tovuzlular deyil, bütün azərbaycanlılar. Sağ ol, sən həm də kənd qızlarının təhsilə, oxumağa daha çox sarılmasında böyük stimul oldun” dedim… Ailə üzvləri və onu təbrikə gələn müəllimləri isə “siz də ona ümid vermisiz, onda özünə inam hissini gücləndirmisiniz” dedilər. Sən demə, Nərminə “mən də ictimai-siyasi həyatda iştirak edəcəm, aktiv bir qadın olacam, ölkəmi yüksək səviyyədə təmsil etməyə çalışacam” deyirmiş. Sevindim… Yanınma otumuş qızın gözlərinə baxdım və “sən daha yaxşı, daha fəal olacaqsan və bizi daha yaxşı əvəzləyəcəksən, mən buna inanıram” dedim.

Qarşımda həm də gözəl bir Azərbaycan qızı vardı, utanaraq başını aşağı salan abırlı bir qız... Oxuyacağı universitet, ixtisas və s. ilə bağlı söhbət etdiyim zaman gözüm hər söhbətimizi maraqla izləyən bacısı Aytənə sataşdı. “Aytən, sən gərək bacının nəticələrini təkrarlayasan” dedim. Onun da gözündə qəribə bir özgüvən hissi “oxunurdu”. “Əlimdən gələni edəcəm” dedi.
Hələ Nərminənin 700 bal toplaması xəbəri kəndlərdə daha geniş yayılmamışdı (indi hər kəs xəbərdardır) amma Nərminə artıq bir kənd qızını – Aytəni bir kənd qızının nə qədər böyük uğurlar qazana biləcəyinə tam inandıra bilmişdi…

Artıq Nərminələrin sayının daha da artacağına inanıram. – Bəlkə, 700 bal nəticəsini tam toplamasa da, bunun üçün çalışaçaq, daha çox savada, biliyə sarılacaq və özünə inam hiss güclü olan kənd qızlarının sayının artacağına…

Nərminənin həyatla bağlı maraqlı planları, düşüncələri var. İnşallah Allah özü hər zaman ona kömək olar!

Təşəkkürlər, Nərminə!

Sənə bundan sonra daha böyük uğurlar diləyirəm (və inanıram)!


Teqlər:  





Xəbər lenti