Havay Parlamentindən Azərbaycana dair qətnamə
Qətnamədə bildirilir ki, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkənin böyük Yaxın Şərqdə sülhün və təhlükəsizliyin qorunmasında artan rolunun və genişlənən imkanlarının bariz göstəricisidir.
Sənəddə, həmçinin ABŞ ilə Azərbaycanın vahid dəyərlərə, ümumi maraqlara və baxışlara əsaslanan tərəfdaşlıq münasibətləri qurduqları vurğulanır və qeyd olunur ki, Azərbaycan ABŞ-ın Xəzər hövzəsi kimi çox önəmli bir bölgədə güclü müttəfiqi və strateji tərəfdaşıdır.
Bundan əlavə, 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmaması və terrorçuluğa qarşı mübarizə sahəsində uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılır, ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir.
Sənəddə Azərbaycanın Havay ştatı ilə bütün sahələrdə, xüsusilə ticarət, təhsil və mədəniyyət sahələrində münasibətləri inkişaf etdirmək əzmində olduğu və Havay ştatının paytaxtı Honolulu şəhərinin Bakının Yasamal rayonu ilə uzun illərdən bəri qardaşlaşmış şəhərlər münasibətləri saxladığı da qeyd edilir.
Sonda belə bir fikir ifadə olunur ki, ABŞ Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətləri daha da inkişaf etdirməlidir.
Sənəd Havay ştatının Nümayəndələr Palatasının Azərbaycan-ABŞ strateji tərəfdaşlığını və dostluğunu tam dəstəklədiyini bəyan etməsi ilə tamamlanır.
Teqlər: