Sürücülük vəsiqəsinin verilmə qaydaları sərtləşdirilməlidir

Sürücülük vəsiqəsinin verilmə qaydaları sərtləşdirilməlidir
  20 İyul 2013    Oxunub:2114
Həyatlar məhv olmasın!
Millət vəkili Qənirə Paşayeva iyunun 22-də saat 20.15 radələrində Tovuz rayonunun baş verən və 6 nəfərin faciəli ölümü ilə nəticələnən dəhşətli yol qəzası haqqında yazıb.

AzVision.az həmin yazını təqdim edir:

“Tovuzdan gəlirəm… Bir aləm qəm içində ... Bir neçə gün əvvəl rayon ərazisində baş verən və 6 nəfərin faciəli ölümü ilə nəticələnən dəhşətli yol qəzası barədə verilən məlumatları yəqin xatırlayırsınız : “İyunun 22-də saat 20.15 radələrində Tovuz rayonunun Qovlar şəhəri ərazisində Yevlax rayon sakini Savalan Bəndəliyevin idarə etdiyi “Hyundai”, Bozalqanlı kənd sakini Ceyhun Əsədovun idarə etdiyi “Mercedes”, Ağdam rayon sakini Habil Məmmədovun idarə etdiyi “Mercedes”, Yuxarı Öysüzlü kənd sakini Elmar Məmmədovun idarə etdiyi “VAZ-2106” və Qovlar şəhər sakini İsaq Əliyevin idarə etdiyi “Ford Tranzit” markalı avtomaşınlar toqquşub. Nəticədə 6 nəfər yanaraq faciəli şəkildə həlak olub”. Amma bu rəqəmlər, rəsmi məlumatlar baş vermiş faciənin ağrı-acısını çətin ki, ifadə edə bilsin. O qəzanın nə qədər böyük faciə olduğunu görmək üçün sadəcə məhrumların ailələrinə baş çəkmək lazımdır...

Dəhşətli qəza zamanı yanaraq həlak olan Qovlar şəhər sakini İsaq Əliyevin ailəsinə baş çəkdik. Həyat yoldaşını çox gənc yaşlarda itirib oğlunu çətinliklərlə böyüdən gözüyaşlı ana, ağlamaqdan gözləri şişimiş, bir neçə gün içində sanki bir neçə il qocalmış, kədərin gözlərində artıq yuva qurduğu, gənc yaşında dul qalmış və heç bir yerdə işləməyən qadın və kiçik yaşlarda atasız qalmış 3 körpə cocuq insanın ürəyini dağlayırdı. Təsəlli verməyə sözləri belə çətinliklə tapırdıq… İsaq Əliyevin gözüyaşlı anasını hansı təsəlli ilə ovutmaq olar? Həyat tərs üzünü bu dərdli qadına hələ lap cavan yaşlarında göstərmişdi- həyat yoldaşını vaxtsız-vədəsiz almışdı əlindən. Mehrini, ülfətin oğluna bağlamışdı, bütün gəncliyini, istəklərini onun üçün qurban vermişdi... Yurdunda atasızlıq ağrısını yaşayacaq 3 körpə balası qaldı İsaq bəyin...

Baş çəkdiyim Yuxarı Öysüzlü kəndində də 3 ailə yas, kədər içərisində, gözyaşlı idi. Həmin dəhşəti qəzada 3 nəfər yanaraq dünyasını dəyişib.

1985-ci il təvəllüdlü Abbasov Turab Namiq oğlunun gözyaşları kəsməyən nənəsi, anası, 2 körpə uşağı ilə çox gənc yaşda dul qalan həyat yoldaşı və faciənin belini bükdüyü ata… Atasız böyüyəcək 2 körpə uşağın atam nə zaman gələcək suallarına cavab verə bilməyən ana, atasız böyüyəcək 2 körpə, acı içində qovrulan bir ailə…

Hələ 13 yaşlı Səmədov Xəyyam xalıq oğlunun müsibəti...Anasının ömürlük kədər hissi qonmuş gözləri heç zaman yadımdan çıxmaz. Fərqindəyəm ki, o gözdən o qəmi silmək artıq mümkünsüzdür...

Qəza zamanı həlak olmuş Məmmədov Elmar Fazil oğlu isə cəmi 22 yaşında idi…

Bunları bilirsinizmi niyə yazdım…

Avtomobil sükanı arxasına keçən hər bir insanı düşünməyə çağırmaq istəyirəm, sadəcə!

Özünüzü düşünün...

Ailənizi, yaxınlarınızı düşünün...

Yol-hərəkəti qaydalarına düzgün əməl etməyəndə, gözüyaşlı qoya biləcəyiniz insanları, anaları, həyat yoldaşlarını, ataları və ən əsası yetim qoya biləcəyiniz körpələri düşünün...

Bu dəhşətli qəza zamanı haqqında yazdığım bu insanların heç bir günahı olmamışdı. Onlar sadəcə kiminsə məsuluyyətsizliyinin qurbanı oldular. Təkcə onlarmı? Analar övladsız, qadınlar dul, uşaqlar atasız qaldı…

Avromobil idarə etdiyiniz zaman, yolda olarkən mütləq bu barədə düşünün….

Bu gün avtomobil qəzası nəticəsində həlak olan insanların saylarını oxuduqca insan elə gəlir ki, elə bil müharibə xəbərləri oxuyur. Az qala müharibələr zamanı gün ərzində həlak olan insanların sayı qədər elə bil hər gün avtomobil qəzaları nəticəsində insan itiririk. Amma bu itkilər və faciələr həlak olan insanlarla bitmir, onların faciə,kədər, gözyaşları içində qalan ailələrini düşünməliyik…

Hər kəs özündən başlamalıdır. Yol hərəkət qaydalarına düzgün riayət etməklə biz bu faciələrin sayını azalda bilərik. Avtomobil qəzalarının sanki bizə açdığı savaşın qalibi biz olmaq istəyiriksə, gənc yaşlarda nə qədər insanların həyatlarının bitməsini, anaların,körpələrin gözüyaşlı, yetim qalmasını istəmiriksə hamımız ilk öncə özümüzdən başlamalıyıq. Hər sükan arxasına keçən insan bu barədə ciddi düşünməlidir.

Cəmiyyət olaraq bu məsələyə laqeydliyimizi bitirməliyik. Kiçik yaşlı uşaqlarına avtomobil idarə etməyə icazə verən valideynlər ciddi düşünün!

Gənc oğlanlarına avtomobil alaraq onların onu necə idarə etməsi ilə maraqlanmayan, onların törətdiyi xətalara göz yuman, hətta bəzən buna normal hadisə kimi baxan valideynlər ciddi düşünün!

“Mən yol hərəkəti qaydalarını pozmuram” deyən sürücülər, ehtiyatlı olun. Çünki siz onu addımbaşı pozan sürücülərin əhatəsindəsiniz!

Sürücülük vəsiqələrinin verilməsi daha da sərtləşdirilməlidir, yol təhlükəsizliyinə cavabdeh qurumlar öz işlərini daha da surətləndirməlidirlər. Bir sözlə əgər bu istiqamətdə hər birimiz hər bir insan öz üzərinə düşəni etməsə biz hələ çox ağır faciələrin şahidi olacağıq, gözüyaşlı qalan anaların, uşaqların, yetim qalacaq körpələrin sayı daha da artacaq…

Əgər bunu istəmiriksə gec olmadan hamımız özümüzdən başlayaraq bu istiqamətdə ciddi addımlar atmalıyıq.


Teqlər:  





Xəbər lenti