Misirdə qarşıdurmalar səngimir
Toqquşmalar zamanı hər iki tərəf içərisi yandırıcı maddələrlə dolu şüşə qablar, daş və odlu silahlardan istifadə edib. Yaralıların olduğu bildirilir. Qahirədə qadınlar da ayağa qalxıb. Ötən gün minlərlə misirli qadın Müdafiə nazirliyi binasına yürüş edərək, keçmiş prezident Məhəmməd Mursinin devrilməsinə qarşı etiraz edib.
Etirazçılar Müdafiə Nazirliyinə çatınca, hərbçilər güclü mühafizə olunan binanın qarşısında canlı sədd qurublar. Qadınlar Mursinin hakimiyyətə qaytarılmasını tələb ediblər. Onlar eyni zamanda Mənsurə şəhərində keçirilən aksiyayada naməlum şəxslərin 3 qadın fəalı öldürməsinə də etiraz ediblər. Sina yarımadasında da gərgin vəziyyət hökm sürür.
Ötən gün silahlılar El Ariş şəhərində ordu bölmələrinə, hərbi düşərgələrə və polis məntəqələrinə 12 hücum təşkil ediblər. Hərbçilər və polislər arasında itkilərin olduğu bildirilir. Bu arada Misir və digər ərəb ölkələri mətbuatında Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin aclıq aksiyasına başlaması ilə bağlı məlumatlar yayılıb.
Misirin Azadlıq və Ədalət Partiyasının mətbuat katibi Cihad əl-Haddad Mursiylə görüşməyə icazə verilmədiyi üçün onun harada saxlandığı, o cümlədən sağlamlıq vəziyyəti haqqında heç bir məlumat ala bilmədiklərini deyib.
AzVision.az
Teqlər: