“Şərq Tərəfdaşlığı” XİN rəhbərlərinin görüşü baş tutdu

“Şərq Tərəfdaşlığı” XİN rəhbərlərinin görüşü baş tutdu
  23 İyul 2013    Oxunub:1342
Brüsseldə Avropa İttifaqı (Aİ) üzv ölkələrinin və Şərq Tərəfdaşlıq (ŞT) ölkələrinin xarici işlər nazirlərinin 4-cü görüşü keçirilib. İclasda ölkəmizi xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.
Avropa Komissiyasının vitse-prezidenti və Aİ-nin vahid təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton və genişlənmə və qonşuluq siyasəti üzrə komissar Ştefan Füle bu toplantıya sədrlik etmişlər. Tədbirdə Avropa İttifaqı üzv ölkələrinin xarici işlər nazirləri, Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Sərmayə Bankı, eyni zamanda, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun nümayəndəsi iştirak ediblər. İştirakçılar Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti, onun Varşava Sammitindən bugünə qədər əldə edilmiş nailiyyətləri, Vilnüs Sammitinə hazırlıq və ondan sonrakı tərəfdaşlıq perspektivlərini müzakirə ediblər.

Nazir Cənubi Qaz Dəhlizi ilə bağlı qəbul edilmiş qərarların Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsində və Aİ ilə siyasi-iqtisadi münasibətlərdə bundan sonra daha da geniş imkanlar yaradacağında müstəsna rol oynayacağını qeyd edib. O, həmçinin Aİ ilə Viza Rejiminin Asanlaşdırılması və Readmissiya Sazişləri üzrə danışıqlarının demək olar ki, tamamlandığını və Vilnüs Sammitinə qədər onların imzalanmasının əhəmiyyətini vurğulayıb.

Nazir habelə Aİ ilə təhsil sahəsində əməkdaşlığın təkmilləşdirilməsinin vacibliyini qeyd etmiş, bu sahədə Aİ-Azərbaycan əməkdaşlığı çərçivəsində ciddi addımların atılmasını təklif etmişdir. O, həmçinin ŞT fəaliyyətində qender bərabərliyi və qadınların cəmiyyətlərdə rolunun artırılması fəaliyyət istiqamətinin inkişafı imkanlarının araşdırılmasını təklif etmişdir. Nazir Şərq Tərəfdaşlığı Proqramının xarici işlər nazirlərinin 4-cü görüşü çərçivəsində Ukrayna və Yunanıstanlı həmkarları ilə təkbətək görüşlər keçirərək, ikitərəfli münasibətlərin genişləndirilməsi perspektivlərini müzakirə edib.


Teqlər:





Xəbər lenti