"Qərbi Çıraq" dayaq bloku bu vaxtadək Xəzər dənizində quraşdırılmış ən ağır qurğudur. Dayaq blokunun ümumi çəkisi 1500 tonluq üzmə tamponları da daxil olmaqla 18 min 200 tondur. Bloku Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan yerli "Bos Shelf" şirkəti inşa edib. Bu nəhəng qurğunun tikintisinə 2 min insan, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb edilib. İşçi qüvvəsinin təxminən 96 faizi azərbaycanlılar olub.
Prezident İlham Əliyev qurğuda çalışan işçilərlə görüşdü və görülən işlərdən razılığını bildirdi.
Mütəxəssisləri salamlayan Prezident İlham Əliyev dedi: "1990-cı illərin ortalarından başlayaraq bu günə qədər Azərbaycan mütəxəssislərinin sayı getdikcə artır. Bu, çox vacib məsələdir. Çünki bizim istəyimiz də bundan ibarət idi ki, bütün bu işlərdə maksimum Azərbaycan vətəndaşları iştirak etsinlər. Artıq belə nəhəng, dünya miqyaslı qurğuları biz yüz faiz Azərbaycanda tikirik. Bu, həm Azərbaycanın gücünü, eyni zamanda, mütəxəssislərin təcrübəsini göstərir. Onu göstərir ki, gələcəkdə bu cür işlər hələ çox olacaqdır. Çünki Azərbaycanın neft-qaz sektoru inkişafdadır. Mühüm işlər görülür, amma gələcəkdə hələ çox iş görülməlidir, bir neçə platforma tikilməlidir. "Şahdəniz-2" layihəsi icra ediləcəkdir.
Çox şadam ki, artıq bütün işlər Azərbaycanda aparılır. Bu işlərin əsas hissəsini görən Azərbaycan vətəndaşlarıdır. Hadisə münasibətilə təbrik edirəm. Yeni uğurlar arzulayıram. Sağ olun".
Tədbirdə iştirak edən mütəxəssis isə deyib: "Çox sağ olun, cənab Prezident! Dəstəyinizə görə Sizə təşəkkür edirik. Azərbaycanın gələcəyi üçün əlimizdən gələni əsirgəməyəcəyik".
Sonra xatirə şəkli çəkdirildi.
AzVision.az