İslamçılar Milli Şuraya qoşulmur

İslamçılar Milli Şuraya qoşulmur
  24 İyul 2013    Oxunub:1302
Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov Demokratik Qüvvələrin Milli Şurasının və özünün prezident seçkisində iştirakı ilə bağlı bəyanatla çıxış edib.
AzVision.az xəbər verir ki, bəyanatı “Media forum” saytına vəkil Anar Qasımlı təqdim edib.

Mövsüm Səmədovun bəyanatında bildirilir: “Milli Şura nə vaxtadək Azərbaycan xalqının maraqlarına münasib nəzəri və praktik addımlar atacaqsa, biz onu dəstəkləyəcəyik. Azərbaycanda ilk yaranmış və qeydiyyatdan keçmiş və 20 il ərzində xalqımızın ictimai-siyasi səhnəsində müxtəlif mübarizələrdən alnıaçıq çıxmış, bu yolda zindanlarda əsir və şəhadət şərbətini içmiş siyasi partiya kimi Azərbaycan İslam Partiyasının bu hadisələrə münasibəti birmənalıdır.

AİP daha çox layiqdir ki, xalqın problemlərinin həllində öz missiyasını həyata keçirmək üçün xalq tərəfindən lazımi həddə dəstəklənsin. İslamın ölkəmizdəki ictimai-siyasi nüfuzundan və ədalət ruhiyyəsindən daim ehtiyatlanan qüvvələrə rəğmən bu gün xalqımız siyasi səhnədə də islami çevrələrin ardınca olmasını kifayət qədər nümayiş etdirib.

Şəxsən mənim Milli Şurada təmsil olunmağım onun fəaliyyətinə təsir etmə nöqteyi-nəzərindən o qədər də məqbul deyil. Çünki Milli Şuranın işində yaxından iştirakım mümkün deyil. Həm də Azərbaycan İslam Partiyasının seçki şurasında onun bir namizədi kimi iştirak etdiyimizə görə Milli Şurada üzv olmağımızı lazım bilmirik. Hərçənd ki, xalqın xeyrinə atılan addımları, hər hansı qurum tərəfindən atılmış olsa da, xüsusən Milli Şura tərəfindən, dəstəkləməyimiz mümkündür və məqsədəmüvafiqdir.

Mənim seçkilərə namizəd kimi qatılmağım özümün istəyimdən daha çox xalqın istəyidir. Bu baxımdan mən öz namizədliyimin irəli sürülməsinə razı olmuşam və bu siyasi səhnədə nə qədər ki, xalq bizə etimad edəcək, nə qədər ki, qanun çərçivəsində biz bu etimadı lazımınca doğrulda biləcəyik, özümüzü bu vəzifəni daşımağa məsul bilirik. Qarşıda ola biləcək məhdudiyyətlərin müqabilində yaranmış hadisələrdə öz ilahi vəzifəmizə uyğun olaraq addım atacağıq”.



Teqlər:  





Xəbər lenti