Prezident:`Azərbaycan yarışa yüksək səviyyədə hazırlaşacaq`

Prezident:`Azərbaycan yarışa yüksək səviyyədə hazırlaşacaq`
  24 İyul 2013    Oxunub:1173
İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını, onların məşqçilərini və respublikanın idman mütəxəssislərini qəbul edib.

Universiadada qazanılan böyük idman uğuru münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan idman dövləti olduğunu növbəti dəfə sübuta yetirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, Kazanda keçirilən mötəbər yarışda Azərbaycanın himni dörd dəfə səsləndirilib, bayrağı 16 dəfə dalğalanıb, idmançılarımız 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazanıblar. London Olimpiadasında 10 medal qazanan Azərbaycanda idmanın sürətlə və ardıcıllıqla inkişaf etdiyini deyən Prezident İlham Əliyev yalnız qüdrətli dövlətlərin belə uğurlar əldə etdiyini bildirdi.

Dövlətimizin başçısı respublikamızda idmanın kütləviliyinə nail olunduğunu və bu prosesin davamlı xarakter aldığını dedi, bu yaxınlarda Xaçmazda 38-ci Olimpiya İdman Kompleksinin istifadəyə verildiyini vurğuladı. Ölkəmizdə idmançılara, məşqçilərə və idman mütəxəssislərinə dövlət qayğısının yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Azərbaycan idmançılarının bundan sonra da böyük qələbələrə imza atacağına əmin olduğunu bildirdi.

Universiadada qələbə qazanan idmançılara yüksək pul mükafatı verilməsi barədə müvafiq Sərəncam imzaladığını vurğulayan Prezident İlham Əliyev bir daha xalqımızı və ölkəmizin idman ictimaiyyətini əldə olunan böyük uğur münasibətilə təbrik etdi.

Yunan-Roma güləşi üzrə universiadanın qalibi Rəsul Çunayev bu uğurun qazanılmasında dövlətimizin başçısının və xalqımızın dəstəyinin mühüm rol oynadığını dedi. O, milli komandamızın digər üzvlərinin də Kazanda keçirilən yarışlarda əzmlə mübarizə apardıqlarını vurğuladı və qarşıdakı prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildirdi.

Məşqçi Yaqub Məmmədov Kazanda keçirilən universiadaya 81 idmançı ilə qatılan ölkəmizin 10 idman növündə mübarizə apardığını, ümumi hesabda 15-ci fəxri yeri tutduğunu vurğuladı və bunun rekord göstərici olduğunu söylədi. O, bu uğurların ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və hazırda müvəffəqiyyətlə davam etdirilən dövlət idman siyasətinin məntiqi nəticəsi olduğunu dedi. İdmançılara və idman mütəxəssislərinə hərtərəfli qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirən Yaqub Məmmədov da qarşıdakı prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəklərini vurğuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Kazanda qazanılan böyük qələbə ilə idman aləmində növbəti dəfə öz sözünü deyib. Dövlətimizin başçısı respublikamızda 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsinin də ölkəmizin mühüm uğurlarından biri olduğunu və bu mötəbər yarışa cəmi iki il ərzində Azərbaycanın ən yüksək səviyyədə hərtərəfli hazırlıq görəcəyini bildirdi. Ölkəmizin idmançılarının bundan sonra da bütün mötəbər yarışlarda uğurla çıxış edəcəyinə əminliyini vurğulayan Prezident İlham Əliyev tarixi qələbə münasibətilə bir daha xalqımızı və idman ictimaiyyətini təbrik etdi.

Sonra dövlətimizin başçısı Kazanda qazanılan böyük qələbədə əməyi olan idmançılar, məşqçilər və idman mütəxəssisləri ilə görüşdü, onlara ən xoş arzularını çatdırdı.

Sonda xatirə şəkli çəkdirildi.


Teqlər:  





Xəbər lenti