“Milyarderlər ittifaqı”nın üzvü də Putinlə gəlir
V.Ələkbərov mətbuatın “Milyarderlər ittifaqı” adlandırdığı və Azərbaycan hakimiyyətinin qəbul etmədiyi Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının üzvüdür. “LUKoil” prezidentinin bu ittifaqa daxil olmasından sonra onun Azərbaycanda hakimiyyət dəyişikliyi planlarına dəstək verə biləcəyinə dair iddialar ortaya atıldı. Hətta Gürcüstan prezidenti Mixail Saakaşvili Bakıya səfərdən qayıdaraq Tlflisdə jurnalistlər qarşısında bildirmişdi ki, “Rusiya Gürcüstanda olduğu kimi Azərbaycanda da hakimiyyət dəyişikliyi ssenarisi” hazırlayır. M.Saakaşvili bu plana “LUKoil” prezidentinin və “Borçalıdan olan hansısa Söyün Sadıqovun” rəhbərlik etdiyini demişdi.
İddialara görə, V.Ələkbərovun Azərbaycan hakimiyyəti və prezidenti ilə münasibətləri korlanmışdı. Hətta “LUKoil”in Bakıdakı yanacaqdoldurma məntəqələrinin bağlanacağı haqda da xəbərlər yayılırdı. Ancaq bu yaxınlarda V.Ələkbərov Azərbaycan mediası ilə nadir təmaslarının birində bəyan etdi ki, onun hər hansı siyasi planlarda iştirakı yoxdur və İlham Əliyevin prezidentliyini dəstəkləyir. “LUKoil” prezidenti İlham Əliyevə dəstəyini şəxsən ifadə etmək üçün Bakıya gələcəyini də açıqladı.
Daha sonra Rusiyanın Azərbaycan hakimiyyəti ilə münasibətlərində yaranmış soyuqluq sürətlə aradan qalxmağa başladı. Artıq məlum olduğu kimi, prezident Putin gələn ay Bakıya rəsmi səfər edəcək və Kreml bu səfər barədə xəbəri nəhayət ki, təsdiqləyib. Və V.Putin V.Ələkbərovu da özü ilə Bakıya gətirir. Gözlənilir ki, Rusiya ilə Azərbaycan arasında Xəzərdə neft-qaz hasilatında əməkdaşlığa dair yeni müqavilələr bağlanacaq və “LUKoil” da bu razılaşmalarda yer alacaq.