İlham Əliyevin İmranla bağlı tapşırığı icra olunmağa başladı
Fonddan AzVision.az-a verilən məlumata görə, onun Almaniyaya əməliyyata göndərilməsi haqqında qərar qəbul edilib və hazırda uşağa kömək göstərmək üçün ixtisaslaşdırılmış klinika müəyyənləşdirilir.
İmran Cəfərzadə üzərində əməliyyatın keçirilməsi üçün Heydər Əliyev Fondu bütün xərcləri öz üzərinə götürəcək.
Qeyd edək ki, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ.Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış "Akvapark" adlanan qurğu işlək vəziyyətə gətirilib.
Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.
AzVision.az