“Facebook gənclərin həyatının ayrılmaz hissəsidir”

“Facebook gənclərin həyatının ayrılmaz hissəsidir”
  25 İyul 2013    Oxunub:1063
“Bu gün "Facebook","Twitter" gənclərin həyatının ayrılmaz hissəsidir. Hətta artıq orta yaşlı nəslin nümayəndələri də sosial şəbəkələrdən istifadə edir”.
AzVision.az xəbər verir ki, bu fikirləri gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi "XƏTDƏ" Sosial Şəbəkə Akademiyasının hesabat konfransındakı çıxışı zamanı deyib. Onun sözlərinə görə, son dövrlər Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və bunun da məntiqi nəticəsi kimi 2013-cü il ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunub:

“Gənclər sosial şəbəkədən daha çox bir-biri ilə ünsiyyət üçün istifadə edirlər. Gənclər Azərbaycanın uğurlarını, tarixini, mədəni irsini təbliğ etməyi də qarşılarına məqsəd qoymalıdırlar. Bundan başqa, sosial şəbəkələrdə biliklərin artırılması ilə bağlı gözəl imkanlar yaradılır, bunlardan istifadə edərək bilik və bacarıqların artırılması vacibdir".

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə çıxışında bildirib ki, Azərbaycanda insanların rifah halı artdıqca yeni imkanlar ortalığa çıxır: “Dünyada bu addımı atanlar azdır. Biz əslində bununla gənclərin gözlərini açırıq. Bu da onu sübut edir ki, Azərbaycan hakimiyyəti demokratik mühitin yaradılmasına çalışır”. Millət vəkili həmçinin təəssüflə vurğulayıb ki, bundan sui-istifadə edənlər də olur və bəzi siyasi partiyalar gəncləri yanlış yola çəkirlər. O, bir daha gəncləri diqqətli olmağa çağırıb.

Fatimə KƏRİMLİ



Teqlər:





Xəbər lenti