Prezident Bakıda açılışlar etdi

Prezident Bakıda açılışlar etdi
  25 İyul 2013    Oxunub:1245
İyulun 25-də Prezident İlham Əliyev Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun açılışında iştirak edib.

Nəqliyyat naziri Ziya Məmmədov yeni yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verib.
Ümumi uzunluğu 12,5 kilometr olan yol ən müasir səviyyədə inşa edilib. Yeni yol Bakı şəhərinin Türkan, Zirə, Gürgən, Pirallahı, Dübəndi, Qala, Şüvəlan və Mərdəkan qəsəbələrinin nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal hərəkətinə şərait yaradacaq.

Prezident İlham Əliyevə Babək prospekti ilə K.Əfkari küçəsinin və Neftçilər prospekti ilə S.Səfərov küçəsinin kəsişmələrində inşa edilən yeraltı piyada keçidləri barədə də məlumat verilib.
Bildirildi ki, Babək prospekti ilə K.Əfkari küçəsinin kəsişməsində yerləşən keçidin ümumi uzunluğu 80, eni isə 8 metrdir. Keçid ən müasir səviyyədə inşa edilib. Hündürlüyü 3,2 metr olan keçidin iki çıxışı var. Neftçilər prospekti ilə S.Səfərov küçəsinin kəsişməsində inşa edilən yeraltı piyada keçidi də müasir səviyyədədir. Bu keçidin uzunluğu 89 metr, eni 8, hündürlüyü 3 metrdir. Burada 4 eskalator quraşdırılıb.

Sonra dövlət başçısı Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun rəmzi açılışını bildirən lenti kəsib. İyulun 25-də İlham Əliyev paytaxtın Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında inşa olunmuş yeraltı avtomobil dayanacağının açılışında da iştirak edib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına yeraltı avtomobil dayanacağının texniki göstəriciləri barədə məlumat verib.
Bildirib ki, yeraltı dayanacaq 4500 avtomobil tutumuna, bundan əlavə 37 avtomobil tutumu olan xüsusi bölməyə malikdir. Burada, həmçinin avtoyuma məntəqələri də fəaliyyət göstərəcək. Dayanacaq üçmərtəbəlidir və ümumi sahəsi 21 hektardır. Mərtəbələrdən ikisi avtomobil dayanacağı, biri isə texniki mərtəbədir. Texniki mərtəbədə digər qurğularla yanaşı, 1200 kubmetr tutumu olan 8 su hovuzu da yerləşir. Yeraltı dayanacaq müasir avadanlıq və sistemlərlə təchiz edilib. Təhlükəsizliyin və nəzarətin tam təmin edilməsi məqsədilə dayanacaqda 270-ə yaxın kamera qoyulub. Bundan əlavə, çıxışlar 700 dərəcəyə dözən şüşəbəndlərlə bağlanıb. Burada 5 giriş-çıxış mövcuddur. Şəmsi Bədəlbəyli küçəsi yeraltı dayanacağın üzərindən keçdiyindən bu hissə körpü prinsipi ilə inşa edilib.

Prezident İlham Əliyev yeraltı avtomobil dayanacağının üstündə salınan park, bağ və fəvvarələr kompleksini gəzib.
Məlumat verilib ki, yeraltı avtodayanacaqda 14 lift quraşdırılıb. Parkın ətrafında 7 yeraltı keçid inşa edilib və 24 eskalatorla təchiz olunub. Əlillər üçün 8 lift-eskalator fəaliyyət göstərir. Beləliklə, 7 hektar sahəsi olan bu kompleks indi paytaxt sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından birinə çevrilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti