“Dağ kəndlərində də sürətli internet olacaq”

“Dağ kəndlərində də sürətli internet olacaq”
  26 İyul 2013    Oxunub:1300
“Hazırda ölkəmizdə internet istifadəçilərin sayı 60 faizdir və bunun yarısı genişzolaqlı internetdən istifadə edə bilir. Dünyada isə 2015-ci ilə qədər internet istifadəçilərinin sayı 3 milyarda çatacaq, bu da planet əhalisinin 40%-ni təşkil edəcək”.
AzVision.az xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəsmi facebook səhifəsində məlumat verilib. Bildirilib ki, yaxın vaxtlarda Azərbaycanın ucqar dağ kəndləri belə sürətli genişzolaqlı internet xidmətlərinə qoşulacaq”. bütün kənd sakinlərinin internet xidmətlərindən yüksək keyfiyyətlə istifadə etməsi üçün yeni kompleks layihə həyata keçirilir.

“Yeni layihənin həyata keçirilməsi ilə kəndlərdə də şəhərlərdə olduğu kimi, bütün multimedia xidmətləri təqdim ediləcək. Ucqar yaşayış məntəqələrinin optik kabellərlə mərkəzə birləşməsi nəticəsində genişzolaqlı internet xidmətlərinə qoşulan sakinlərin sayının bir neçə dəfə artmasına şərait yaranacaq ki, bu da Azərbaycanın 3500 kəndində şəhər rabitəsi ilə kənd rabitəsi arasında fərqin tamamilə aradan qaldırılması ilə yanaşı, ölkəmizin ümumdünya göstəricisində bir neçə pillə irəliləməsinə şərait yaradacaq”.

Məlumatda qeyd olunur ki, eyni zamanda hazırda Azərbaycanda "Hər evə optika" layihəsi üzərində işlər aparılır: “2012-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının hər bir kəndə və yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsi barədə müəyyən etdiyi hədəfə nail olunması üçün "Azərbaycanda milli genişzolaqlı internetin inkişafı" layihəsi hazırlanıb. Layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə "Hər evə optika" prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi nəzərdə tutulur.

Layihənin icrası əhalini Bakı şəhərində ən azı 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində ən azı 30 mb/s, qəsəbə və kənd yerlərində ən azı 10 mb/s sürətli genişzolaqlı internetlə təmin edəcək.

Beləliklə, ölkənin regionları arasındakı İKT infrastrukturunun inkişafındakı "rəqəmsal fərq" aradan qaldırılacaq, ölkənin rəqəmsallaşma indeksi, İKT-nin inkişafının infrastruktur və keyfiyyət göstəriciləri inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşacaq, əhalinin tam yüksək keyfiyyətli internet xidmətlərindən cəlbedici qiymətlərlə istifadəsi təmin ediləcək, genişzolaqlı internet xidmətlərinin yayılma səviyyəsi 85%-ə çatacaq.

Hazırda ölkəmizdə internet istifadəçilərin sayı 60 faizdir və bunun yarısı genişzolaqlı internetdən istifadə edə bilir. Dünyada isə 2015-ci ilə qədər internet istifadəçilərinin sayı 3 milyarda çatacaq, bu da planet əhalisinin 40%-ni təşkil edəcək”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti