Fazil Mustafa: “Rasim Balayevə yaraşmaz”
Vacib və dostcasına irad
“Dərin hörmət bəslədiyim sənət adamlarından biri olan Rasim Balayev müsahibəsində Babək və Səməd Vurğunla bağlı mülahizələrinə görə Sərdar Cəlaloğlunu başı xarab, tərbiyəsiz adlandırıb. Həqiqətən bir ziyalının razılaşmadığı fikirlərə görə bir siyasət adamını bu cür çılpaq şəkildə təhqir etməsi acınacaqlı bir haldır. Sərdar Cəlaloğlu ilə bizim siyasi baxışlarımızda xeyli fərqliliklər var, dost da deyilik. Ancaq onun söylədiyi fikirlərə qarşı fikir, mülahizə ortaya qoymaq əvəzinə, birbaşa şəxsiyyətini təhqir etmək həqiqətən hörmət etdiyim ağsaqqal sənət adamı Rasim Balayevə yaraşmaz. Bunu bəlkə də hansısa əsəbi şəraitdə söyləmişdir, mütləq üzr istəmək onun tərəfindən alicənablıq nümunəsi olardı. Son vaxtlar bir-birini təhqir edən siyasi subyektləri müşahidə edirik, bunlar da əlbəttə ki, doğru üslub sayılmaz, ancaq ziyalı kimi qəbul olunan insanların təhqir edən tərəf kimi çıxış etməsi daha çox zərərli ənənə formalaşdırır. Bu gün sosial şəbkələrdə bizlər də çoxlu görüşlərimizi paylaşırıq. Razılaşan da olacaq, razılaşmayan da... Bəziləri məhdud düşüncə sahibi kimi, birbaşa təhqir etməklə sağlam müzakirədən qaçmağa çalışırlar. Sözün, ağlın tükəndiyi yerdə təhqir başlayır”.
AzVision.az