Kaliqulanın Rüstəmi

Kaliqulanın Rüstəmi
  26 İyul 2013    Oxunub:1419
Vüsal Məmmədov

Tarixdəki ən ibrətamiz siyasi hadisələrdən biri Roma imperatoru Kaliqulanın öz atını Senata üzv təyin etməsidir. Bunun rəmzi anlamı o idi ki, Kaliqula senatorlara göstərirdi: özünüzü çox da dartmayın, istənilən heyvan sizin yerinizdə ola bilər. Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi təyin olunması ilə Kaliqulanın bu addımı arasında maraqlı bir paralel var.
Rüstəm İbrahimbəyovun vahid namizəd təyin olunması ilə sanki Azərbaycanın radikal müxalifət liderlərinə belə bir dərs verildi: özünüzü çox da dartmayın, hamı, hətta ömrünün 75 ili ərzində siyasətlə uğraşmayan bir şəxs də Azərbaycan müxalifətinin vahid namizədi ola bilər!

Doğrudan da, siyasi məntiqlə yanaşanda İbrahimbəyov heç bir halda müxalifətin vahid namizədi ola bilməzdi, olmalı da deyildi! Onun olması siyasi prosesdən daha çox absurd teatrının tamaşasını xatırladır.

Gəlin, sadəcə, düşünək ki, prezidentliyə namizəd olmaq üçün bir şəxsə nələr lazımdır və onlar Rüstəm bəydə varmı? Biz burada hüquqi tələbləri yox (onlar onsuz da düz gəlmir) yalnız politoloji tələbləri xatırladacağıq.

1. Siyasi fəaliyyət

Ərz elədik ki, cənab İbrahimbəyov indiyə qədər siyasətlə məşğul olmayıb. Ömrü boyu siyasətlə məşğul olmayan şəxsi hansı ağılla vahid namizəd seçmək olar? Ona görə də, tamamilə aydındır ki, bu qərar Milli Şuranın çərçivəsindən kənarda verilib və bu zaman əsas prinsip heç də ağıl olmayıb.

2. Xarizma

Rüstəm İbrahimbəyov bu xüsusiyyətdən tamamilə məhrumdur. O dərəcədə ki, sadəcə “xarizmatik deyil” sözü onun haqqında kompliment kimi səslənər. O, faciəvi dərəcədə xarizmatik deyil. Onun insanları özünə cəlb etmək, təsiri altına salmaq kimi keyfiyyətləri yoxdur. Bunsuz isə siyasətçi olmaq mümkün deyil.

3. Liderlik xüsusiyyəti

Qətiyyən İbrahimbəyovda yoxdur. Nəinki siyasi və ictimai məsələlərdə, heç kinematoqrafiyada da o, özünü lider kimi təsdiqləyə bilməyib. Çalışıdığı komandalarda heç vaxt birinci olmayıb. O, ssenaristdir, rejissor deyil.

4. Nitq qabiliyyəti

Ən dəhşətli məqamlardan biri budur. Bu adam sadəcə olaraq, Azərbaycan dilində səlis danışa bilmir. Cümləsinin başı ilə qıçı düz gəlmir, tez-tez çaşır, dili dolaşır… ona qulaq asmaq üçün özünü zorlamalısan ki, nə dediyini anlaya biləsən. Bu cür nitq qabiliyyəti olan adam normal halda prezidentlik haqqında heç düşünməli deyil!

5. Vətənpərvərik

İbrahimbəyovun Qarabağ haqda fikirləri, ermənilərlə işbirliyi haqda o qədər yazılıb ki, bunları təzədən təkrarlamağa ehtiyac duymuruq. Kino sahəsində onun Rusiya üçün etdikləri Azərbaycan üçün etdiklərindən qat-qat artıqdır. O, Azərbaycana xeyir vermək yox, daim buradan xeyir götürmək haqqında fikirləşib.

Bəs İbrahimbəyovun nəyi var?

1. “Oskar”ı

Əgər insan “Oskar”I olduğu üçün prezidentliyə vahid namizəd ola bilərsə, təklif edirəm, Deniel Dey-Lüisi Azərbaycana çağıraq və namizədliyini irəli sürək. Kişinin 4 “Oskar”ı var! Meril Stripi də baş nazir qoyarıq. Stiven Spilberqi isə Milli Məclisin spikeri.

2. Ziyalılığı (guya)

“Azərbaycan ziyalısı” deyəndə ağla Rüstəm İbrahimbyov gəlirmi? İnanmıram. Əgər meyar bu olubsa, Milli Şura məsələn, Ramiz Rövşənin namizədliyini irəli sürsə daha ağıllı iş görmüş olardı. Niyə də yox?.. Sevilən insandır, üstəlik, kinostudiyada da işləyib, əsərinin əsasında kino da çəkilib… Əgər meyar budursa!

3. Saqqalı

İbrahimbəyovun saqqalı seçkidə hansı rolu oynaya bilər – burası mənə məlum deyil, amma onun vahid namizəd seçilməsi üçün mümkün xüsusiyyətlərinin arasında bu, sonuncudur. Vəssalam. İbrahimbəyovun başqa heç nəyi yoxdur.

Elə isə, lütfən, kimsə mənə izah edə bilərmi, Milli Şura hansı məntiqlə İbrahimbəyovu vahid namizəd seçib? Sual o mənada ritorikdir ki, mən bilirəm, əslində seçməyib. O, vahid namizədliyə təyin olunub – Kaliqulanın atı kimi. Əks halda, siz radikal müxalifətin liderlərini lap bu qədər də axmaq bilməyin…


Teqlər:  





Xəbər lenti