`YAP-ın üzvləri ayıq-sayıq olmalıdır`

`YAP-ın üzvləri ayıq-sayıq olmalıdır`
  26 İyul 2013    Oxunub:1217
Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı YAP-ın Bakı şəhəri üzrə seçki qərargahı rəhbərlərinin iclası keçirilib.

İclası giriş sözü ilə açan YAP-ın icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov qeyd edib ki, tədbirin keçirilməsində məqsəd seçki qanunverciliyinə uyğun olaraq YAP-ın Bakıdakı 12 rayon təşkilatının seçki qərargahı üzvlərinin təlimatlandırılmasıdır.

Trend-in məlumatına görə, icraçı katibin müavini qeyd edib ki, seçki təbliğat-təşviqat kampaniyasına çox az müddət qalıb. Ona görə də seçki qərargahları artıq keçirəcəkləri tədbirlərin proqramlarını müəyyən etməlidir.

Onun sözlərinə görə, Azərbaycanda 5 milyon nəfərə yaxın səsvermə hüququ olan şəxs var və partiya onlarla fəal iş aparmalıdır:

"Bakının hər rayonunda orta hesabla 100 mindən yuxarı seçici var. Biz maksimum dərəcədə seçicilərin böyük əksəriyyəti ilə görüşməliyik. Həm kiçik, həm də yekun görüşlərlə bağlı hazırlıq işləri görülməlidir. Heç kimin şübhəsi olmasın ki, biz qələbəyə nail olacağıq, amma heç bir arxayınlığa yol vermək olmaz. Ona görə də gecə-gündüz çalışmaq lazımdır."

Novruzov bildirib ki, Azərbaycanda seçki praktikası və texnologiyaları mütəmadi olaraq təkmilləşir. YAP da bu istiqamətdə durmadan tədbirlər görür və beynəlxalq təcrübədən istifadə edir.

Təbdirdə çıxış edən YAP-ın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və digərləri bildiriblər ki, rayon təşkilatları qarşıdakı 2 ay seçki hazırlığı müddətində yerli seçki qərargahları xüsusi fəallıq göstərməlidir.

İclasda bildirilib ki, partiyanın seçki qərargahının üzvləri "təcili yardım" rolunu oynamalı və təbliğat-təşviqat kampaniyası dövründə ayıq-sayıqlıq nümayiş etdirməlidirlər.

Bundan əlavə qeyd edilib ki, YAP-ın seçki təbliğatı materialları hazırlanacaq. Onlar müxtəlif yerlərdə müxtəlif vasitə və metodlarla seçicilərin diqqətinə çatdırılacaq. Təbliğat kampaniyası dövründə müasir informasiya-kommunikasiya texnlogiyalarının, o cümlədən mobil rabitə və sosial şəbəkələrin imkanlarından istifadə ediləcək. Bu istiqamətdə gənc fəalların işi xüsusi önəm daşıyacaq. Eyni zamanda seçicilər arasında "exit-poll"lar keçiriləcək. Bununla yanaşı klassik metodlardan da istifadə ediləcək, seçicilərlə müxtəlif formalı görüşlər təşkil olunacaq, partiyanın tərtib etdiyi seçki proqramına uyğun olaraq seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı işlər aparılacaq.


Teqlər:  





Xəbər lenti