ABU tələbələrinin diplomları qaytarılacaq

ABU tələbələrinin diplomları qaytarılacaq
  27 İyul 2013    Oxunub:7362
Təhsil Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbələrinin attestat və təhsil barəsində digər sənədlərini qaytaracaq.
Bu barədə keçmiş tələbələrin suallarını cavablandıran Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra universitetin sabiq rəhbərliyi tərəfindən yalnız tələbələrin qəbul əmrləri, diplomvermə kitabları və yazılıb, lakin sahiblərinə verilməmiş diplomlar nazirliyə təhvil verilib.

Digər sənədlərin sayı və həcmi çox olduğundan və onların Təhsil Nazirliyinin arxivində yerləşdirilməsi mümkün olmadığı üçün universitetin arxivində saxlanılıb. 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan istintaq zərurəti ilə bağlı ABU-nun binasında saxlanılan bütün sənədlər idarənin əməkdaşları tərəfindən götürülüb. Hazırda həmin sənədlər saxlanılır. Son altı ayda ABU-nun məzun və tələbələri tərəfindən universitetin arxivində saxlanılan attestat və digər sənədlərin geri qaytarılması ilə bağlı Təhsil Nazirliyinə çoxsaylı müraciətlər daxil olur. Həmin sənədlərin sahiblərinə verilməsi məsələsinə kömək göstərmək üçün Təhsil Nazirliyi tərəfindən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət olunub.

İndi sənədlərin sistemləşdirilməsinə başlanılıb. İdarənin razılığı ilə müraciətləri əsasında təhsil sənədləri aşkar olunan şəxslər dəvət olunacaq və surəti şəxsi işlərində saxlanılmaqla onların təhsil sənədlərinin əsli özlərinə qaytarılacaq.


Teqlər:





Xəbər lenti