Erməni ana azərbaycanlılara dua oxudu

Erməni ana azərbaycanlılara dua oxudu
  28 İyul 2013    Oxunub:1160
“Mən övladımın geri qayıtmasına ümidimi itirmişdim, amma indi xoşbəxtəm. Xeyirxah insanlar oğlumu geri göndərdilər”.
Bu sözləri Kiyevdən səhvən Azərbaycana göndərilmiş erməni Asatur Xaçatryanın anası Anuş deyib:

Erməni qadın oğluna yemək, su və yatmaq üçün yer verən azərbaycanlılara da təşəkkür etməyi unutmayıb. Asatur Xaçatryan Azərbaycandan geri göndərildikdən sonra anası hələ onu qucaqlamayıb, amma “Skype” vasitəsi ilə danışıb və özünü çox xoşbəxt sayır ki, oğlu sağ-salamatdır.

AzVision.az Ans-ə istinadən xəbər verir ki, 22 yaşlı Ermənistan vətəndaşı Asatur Xaçatryan İrəvandan təyyarə ilə Kiyevə qohumlarıgilə uçubmuş. Amma Kiyev hava limanında onun sənədlərində səhv tapıblar və geri göndərməyi qərara alıblar. Amma hava limanının işçilərinin səhvi üzündən yanlış reysə mindiriblər.

“611-ci reysin yerinə 601 yazıblar. O, təyyarədə anlayıb ki, Bakıya uçur. Amma ona deyiblər ki, qorxma, Bakıya gedək, oradan səni İrəvana yola salarıq. Siz mənim bir halımı görsəydiz… Ağlım başımdan çıxmışdı, huşumu itirmişdim. Kimin ağlına gələrdi ki, oğlum öz ayaqları ilə gedib türklərə əsir olacaq. Valideyn belə ağrı ilə necə barışa bilər? Tanrıya şükür ki, hər şey yaxşı qurtardı”,- deyə Anuş Xaçatryan bildirib və əlavə edib ki, hazırda oğlu Kiyevdə qohumlarının evində qonaqdır. Qadın əlavə edib ki, Asatur onun yeganə oğludur, kiçik oğlu 14 yaşında ölüb.

Asatur isə deyib ki, Azərbaycanda onunla çox yaxşı davranıblar, amma bununla belə, hava limanında keçirdiyi gecə onun həyatının ən uzun gecəsi olaraq qalacaq.


Teqlər:





Xəbər lenti