Səfirimiz Vaşinqton meri ilə görüşüb

Səfirimiz Vaşinqton meri ilə görüşüb
  29 İyul 2013    Oxunub:1198
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqton şəhərinin meriyasını ziyarət edərək, şəhərin meri Vinsent Qrey ilə görüşüb.
Səfirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə ABŞ paytaxtının merinə Azərbaycan və ABŞ arasında qarşılıqlı münasibətlərin uğurlu inkişafı barədə məlumat verilib və bu kontekstdə bu il may ayının sonunda Azərbaycan paytaxtında baş tutmuş Amerika-Azərbaycan Forumunun işindən söz açılıb.

Eyni zamanda, ölkəmizdə, xüsusilə Bakıda aparılan yenidənqurma və abadlaşma işləri sahəsində əldə olunan nailiyyətlər Vaşinqton merinin diqqətinə çatdırılıb.

Səfir Azərbaycan paytaxtının çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini və o cümlədən 2015-ci ildə birinci Avropa olimpiya oyunlarını, daha sonra 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul etməyə hazırlaşdığını bildirib.

Vincent Qrey rəhbərlik etdiyi şəhərin dinamik bir tərəqqi dövrü yaşadığını və paytaxt əhalisinin davamlı olaraq artmaqda olduğunu göstərib və bunun da yeni işgüzarlıq imkanları və perspektivlərinin yaranmasını təşviq etdiyini söyləyib.

Mer Vaşinqtonun da həyatında idman fəaliyyətlərinin mühüm yer tutduğunu deyərək, bu günlərdə paytaxtı təmsil edən futbol komandası üçün yeni bir stadionun inşası üzrə razılaşmanın əldə olunduğunu misal gətirib.

E.Süleymanov rəhbərlik etdiyi diplomatik missiyanın Vaşinqtonun ictimai və mədəni həyatına ardıcıl surətdə töhfə verməyə çalışdığını qeyd edərək, səfirliyimizin meriyanın şəhər məktəblərinin himayəsinə dair proqram çərçivəsində An Biers ibtidai məktəbi ilə əməkdaşlıq etdiyini söyləyib.

O, bundan əlavə Heydər Əliyev Fondunun Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda məktəblərin dəstəklənməsinə yönəlmiş fəaliyyətləri barədə danışıb və ötən iyun ayında Fond tərəfindən Merilend Ştatının Montqomeri dairəsində yerləşən fiziki və əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə edilmiş xeyriyyə yardımına istinad edib.

Vaşinqton meri ətraf mühitin müdafiəsi ilə bağlı şəhərdə həyata keçirilən layihələrdən bəhs edərək, səfirliyi bu təşəbbüsə qoşulmağa dəvət edib.

İstinad edilən layihələrin əhəmiyyəti ilə bağlı merin fikirlərini bölüşmüş səfir E.Süleymanov 2011-ci ildə Azərbaycanda start verilmiş IDEA beynəlxalq ətraf mühit dialoqu haqqında söz açıb.

AzVision.az


Teqlər:





Xəbər lenti