Nabran faciəsi turizmə zərbə vuracaqmı?
Azərbaycan Turizm İnstitutunun “Turizm biznesinin təşkili və texnologiyası” kafedrasının müdiri, turizm üzrə ekspert Bahadur Bilalov məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, çox təəssüflər ki, Azərbaycanda baş verən hər hansı bir hadisəyə emosiyalara uyaraq yanaşma və qiymətləndirmə mövcuddur: “"Nabran Holiday Village"də baş verən bədbəxt hadisəyə də bu tipli yanaşma sərgiləndi və sərgilənməkdədir. Dediyim kimi baş verən hadisə bədbəxt hadisə kimi dəyərləndirməlidir. Yeri gəlmişkən, ölkə Prezidentinin bu məsələyə müdaxilə etməsini və İmran balamızın müalicə məqsədilə Almaniyaya göndərilməsini alqışlayıram. Bu bir daha sübut edir ki, həqiqətən də İlham Əliyev uşaqdan böyüyə bütün azərbaycanlıların Prezidentidir”.
“Böyüklər üçün nəzərdə tutulan hovuzda 2 yaşlı uşağın üzməsi...”
Turizm üzrə ekspertin sözlərinə görə, hadisə bu işə birbaşa cavabdeh olan akvaparkın texniki işçisinin və İmranın valideyinlərinin günahı ucbatından baş verib, hər halda KİV-də verilən məlumatlardan anlaşılan budur. “Böyüklər üçün nəzərdə tutulan hovuzda 2 yaşlı uşağın üzməsi təbii ki, bədbəxt hadisəyə gətirib çıxarmalı idi, uşaq həmin hovuzda bata da bilərdi. Təbii ki, kimin günahkar olmasını istintaq müəyyən edəcək. Sadəcə bu tipli istirahət mərkəzlərinə nəzarət etməli olan əlaqədar orqanların baş verən hadisədən sonra canfəşənlıq etməsi heç cürə başa düşülən deyil. Bu tipli obyektlərin rəhbərlərindən vaxtında tələb edilməlidir ki, turizmin bel sütünü olan təhlükəsizlik məsələsinə ciddi önəm versinlər. Turizmdə təhlükəsizlik anlayışı müxtəlif parametrləri əhatə edir və bunlara əməl edilməsi mütləqdir. bir daha vurğulamaq istəyirəm ki, obyekt rəhbərlərindən əlaqədar təşkilatlar bunu tələb etməlidirlər”.
“Nabran Holiday Village”in bağladılmasını isə heç cürə başa düşmək mümkün deyil
Bahadur Bilalov bildirib ki, hadisə baş verəndən sonra "Nabran Holiday Village" in bağladılmasını isə heç cürə başa düşmək mümkün deyil. Sahibkar min bir əziyyətlə obyekt ərsəyə gətirib və onun qapadılmasını heç cürə izah etmək mümkün deyil. Son zamanlar Bakı şəhərində müxtəlif marşrutlarda işləyən avtobus sürücülərinin günahı ucbatından qəza hadisələri baş verir, bəyəm həmin marşrutlar dərhal bağlanırmı?
“Bu hadisə daxili turizmə necə təsir edəcək?
Turizm üzrə ekspertin sözlərinə görə, bu hadisə Nabranın turizm bazarının ölməsinə səbəb ola bilməyəcək: “Qaldı bu hadisənin daxili turizmə ziyan vurmasına, Nabran turizm bazarının ölməsinə, hesab edirəm ki, bu baş verməyəcək. Belə bədbəxt hadisələrdən heç bir xarici turizm mərkəzləri də sığortalanmayıb.2 il bundan öncə Misirin Şam-əl Şeyx kurortunda Köpək balığı rusiyalı turistin qolunu aparmışdı. Əminliklə deyə bilərəm ki, bu hadisə daxili turizm bazarına təsirsiz ötüşəcək, sadəcə olaraq istirahət mərkəzlərinin rəhbərləri təhlükəsizlk məsələlərinə ciddiliyi artırmalı və qiymət siyasətlərinə yenidən baxmalıdırlar”.
Nabranın məşhur istirahət mərkəzi ola “Atlant” istirahət mərkəzi də bu hadisənin onlara təsiri olmadığını bildirib. AzVision.az-a istirahət mərkəzindən verilən məlumata görə, oteldə hər şey öz qaydasındadır və müştəri azlığı hiss edilmir.
Sevinc İLTİFATQIZI