`Onlar Tiflisə turist kimi gediblər`
`Milli Şura üzvlərinin Rüstəm İbrahimbəyovla görüşmək üçün Tiflisə getməyinin heç bir mənası yoxdur. Sadəcə olaraq, turist kimi gəzməyə gedirlər`.
Bu sözləri AzVision.az-a açıqlamasında YAP-ın icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
S.Novruzov qeyd edib ki, Eldar Namazov Amerikaya getdi, suyu süzülə-süzülə qayıtdı, bir konqresmenlə belə görüşə bilmədi:
`Görüşsəydi də, heç bir hüquqi əhəmiyyəti olmayacaqdı zatən. İndi də,düşünürəm ki, Tiflisə yığışmaqlarının heç bir hüquqi əhəmiyyəti yoxdur. Çünki Rüstəm İbrahimbəyovun hüquqi cəhətdən namizədliyini irəli sürmək imkanı yoxdur`.
Novruzovun sözlərinə görə, Milli Şuranın üzvləri vaxtında namizəd axtarışına çıxanda, kimin hüquqi cəhətdən prezidentliyə namizəd olub-ola bilməyəcəyini götür-qoy etməli idilər:
`Milli Şura seçki prosesinə həddindən artıq gecikib. Bunlar hələ namizədlərini müəyyənləşdirə bilmirdilər. Elə bilirdilər ki, onlara əlavə vaxt veriləcək`.
S.Novruzov onu da vurğulayıb ki, Tiflisə getmişkən növbəti bələdiyyə seçkilərini müzakirə etsələr daha yaxşı olar. Bələdiyyə seçkilərində kimin namizədliyini irəli sürə bilərlər, həmin namizədin hardan keçmək imkanı var və s.
`Prezident seçkilərinin bunlara artıq aidiyyatı yoxdur` –deyə o, əlavə edib.
Qeyd edək ki, Milli Şuranın təxminən 15-18 üzvü bu gün Tiflisə yola düşəcək. Bunlar Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxan, Köçəri Nağıbəyli, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, komissiya sədrləri Mehman Əliyev, Gültəkin Hacıbəyli, Nurəddin Mustafayev, Eldar Əliyev, Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev və Zəfər Quliyevdir.
Müsavat Partiyasının Divanı partiya başqanı İsa Qəmbərin Tiflisə yola düşməsi ilə bağlı qərar qəbul edib. KXCP sədri Mirmahmud Mirəlioğluna gəlincə isə onun görüşdə iştirak edib-etməyəcəyi dəqiqləşməyib.
Mirvari