Altı ayda 2 mindən çox cinayətin üstü açılıb - HESABAT
O, cari il iyulun 2-də Polis Akademiyasında inşa edilmiş "Heydər Əliyev Mərkəzi"nin açılışındakı çıxışında ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin polisin fəaliyyətini yüksək dəyərləndirdiyini, eyni zamanda, qarşıya mühüm vəzifələr qoyduğunu və onların icrasına artıq başlanıldığını diqqətə çatdırıb.
Hesabat məruzəsi ilə çıxış edən nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov qeyd edib ki, daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlərin sayı 2012-ci ilin 6 ayı ilə müqayisədə 11,4 faiz azalaraq 10 048-ə enib.
Onların strukturunda şəxsiyyət əleyhinə olanlar 48,3 faiz, soyğunçuluqlar 24,8 faiz, habelə mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər 2,9 dəfə, əvvəllər cinayət törətmiş şəxslərin təkrar cinayətləri 16,7 faiz, qrup halında cinayətlər 13,5 faiz, odlu silahın tətbiqilə törədilənlər 5,4 faiz, məişət zəminində baş vermiş cinayətlər 2,1 dəfə azalıb.
Bütövlükdə respublikanın 22 şəhər və rayonunda ağır və xüsusilə ağır cinayətlərin sayında nəzərəçarpan azalma müşahidə edilib.
Peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və cinayət-prosessual fəaliyyətlə 1136-sı ağır və xüsusilə ağır olmaqla 10.955, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 157, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində "isti izlərlə" 432, elmi-texniki vasitələrlə 1604 cinayət açılıb. Bu işdə vətəndaşların da böyük rolu olub və onlar 2614 cinayətin açılmasında yaxından kömək göstəriblər.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının icrası da məqsədyönlü şəkildə davam etdirilməklə 66 fakt aşkarlanıb, 5 nəfərdən ibarət 2 cinayətkar qrup zərərsizləşdirilib. Bu hüquqazidd əməllərin qurbanı olan 20 şəxs müəyyənləşdirilərək cəmiyyətə reinteqrasiyası təmin edilib.
Nazirliyin istintaq və təhqiqat qurumlarının fəaliyyəti də bütövlükdə səmərəli olub və müstəntiqlər ötən ilin 6 ayı ilə müqayisədə 3 faiz çox, yəni 11 802 cinayət işinin istintaqını aparıb, təhqiqatçılar tərəfindən kriminal məzmunlu 37 407 məlumat və müraciət araşdırılıb.
Qeyd edilib ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində müasir informasiya texnologiyalarının praktiki tətbiqi davamlı olub və texniki vasitələrlə müəyyən edilən inzibati xətaların sayı 2012-ci ilin analoji dövrü ilə müqayisədə 3 dəfə artıb. Ümumilikdə, ötən ilin 6 ayına nisbətdə 52 faiz çox və ya 683.430 müvafiq qayda pozuntusu müəyyən edilib. Bu vacib işin müsbət nəticələrindən biri də piyadaların avtomobillə vurulması hadisələrinin 2 dəfə azalması olub.
Digər tərəfdən, baş vermiş yol-nəqliyyat hadisələrinin 33,3 faizinin sürət həddinin aşılması, 32,3 faizinin qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə, 9,5 faizinin yolayrıcıların keçilməsi qaydalarının pozulması, 3,1 faizi nəqliyyat vasitəsinin sərxoş halda idarə olunması nəticəsində baş verdiyini bildirən nazir müavini həmin inzibati xətalarla bağlı adekvat tədbirlərin görülməsinin zəruriliyini diqqətə çatdırıb.
O da bildirilib ki, Prezident seçkisi ilində qarşıda duran vacib vəzifələrdən olan vətəndaşlara şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi işi də ciddi nəzarətdə saxlanılıb. Hesabat dövründə 201.153 nəfər ümumvətəndaş pasportu, 571.703 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Analoji iş Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində də həyata keçirilib.
İclasa yekun vuran general-polkovnik Ramil Usubov əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi tədbirlərində, xüsusi əməliyyatlarda əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı, mütəşəkkilliyi ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.
General-polkovnik Ramil Usubov cari il iyulun 2-də ölkə Prezidenti cənab İlham Əliyevin daxili işlər orqanlarının cəmiyyətdə daha çox hörmət qazanmasının, insanlara daim diqqət və qayğı göstərməsinin, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə ön sıralarda olmasının vacibliyi barədə göstərişlərinin nazirliyin aparatında, onun orqan və hissələrində gələcək fəaliyyət proqramı kimi qəbul edildiyini diqqətə çatdırıb və bununla əlaqədar Kollegiya iclasının qərarında təsbit olunmuş vəzifələrin icrasına dair tapşırıqlar verib.
Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin təmin edilməsi sahəsində qanunla müəyyən olunmuş funksiyaları, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, sabitliyi, əmin-amanlığı, dövlətin və vətəndaşların qanuni mənafelərini etibarlı qoruyacaq.
Mirvari