Kolumbiya Xocalı Soyqırımını tanıdı

Kolumbiya Xocalı Soyqırımını tanıdı
  01 Avqust 2013    Oxunub:1121
Kolumbiya Respublikası Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər və Milli Müdafiə Məsələləri Üzrə II Komitəsi Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı Soyqırımına dair Qərar qəbul edib

Bu barədə AzVision.az-a Xarici İşlər Naziriliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyindən verilmiş məlumata əsasən cari ilin 30 iyul tarixində Kolumbiya Respublikası Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər və Milli Müdafiə Məsələləri Üzrə II Komitəsi Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı Soyqırımına dair Qərar qəbul edib. Kolumbiya Konqresinin Nümayəndələr Palatasının Sədri Hernan Penaqos Xiraldo tərəfindən irəli sürülən “Ermənistan-Azərbaycan münaqişəsi” adlı qərar layihəsi Palatanın II Komitəsində səsverməyə qoyulmuş və yekdilliklə qəbul edilib.

Sözügedən sənəd Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğal olunması, bu hərbi işğal nəticəsində Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər, o cümlədən dinc əhalinin öldürülməsi və əlil edilməsi, Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması, xüsusilə Xocalıda baş vermiş soyqırım aktı və tərəflər arasında bərqərar edilmiş atəşkəs rejimin pozulması qətiyyətlə pislənilib.

Qərarda həmçinin, Azərbaycan və Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinə hörmət prinsiplərini rəhbər tutaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi barədə Ermənistan Respublikası hökumətinə çağırış ifadə edilib.

Məlumat üçün bildiririk ki, Ermənistan-Azərbaycan münaqişəsinə dair Kolumbiya Konqresinin Nümayəndələr Palatasının Sədri Hernan Penaqos Xiraldo tərəfindən Xarici İşlər və Milli Müdafiə Məsələləri Üzrə II Komitəsinin üzvləri üçün hazırlanan altı səhifəlik icmalda bu münaqişə, eləcə də Azərbaycan torpaqlarının 20 %-nin Ermənistan tərəfindən işğal edilməsi və bu işğalın regionda sülhə və əminamanlığa təhdid olması, rəsmi Yerevanın təcavüzkar siyasəti nəticəsində bir milliondan artıq azərbaycanlının öz yurdlarından qaçqın və məcburi köçkün düşməsi barədə ətraflı məlumat verilmiş və pislənilib.

İcmalda münaqişənin tarixinə nəzər salınır və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımın ağır nəticələri barədə məlumat verilir. İcmalın sonunda Hernan Penaqos Xiraldo Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonlarının Ermənistan tərəfindən işğalının xronologiyasını verir və adıçəkilən işğalın qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə barədə faktları diqqətə çatdırır.


Teqlər:  





Xəbər lenti