Litva XİN-i səfirinin istefasına aydınlıq gətirdi
“Hazırki vəziyyətdə səfir ölkəsinə xələl gəlməsin deyə, məsuliyyəti öz üzərinə götürərək araşdırmaların nəticələri ortaya çıxmadan vəzifəsindən istefa verməyi qərara alıb. Diplomat anlayır ki, yaranan vəziyyət onun işinin lazımi səviyyədə davam etdirilməsini çətinləşdirir. Biz onun bu fikrinə hörmət edirik. Buna baxmayaraq o, vəzifəsindən azad edilməyib. O sadəcə ərizə ilə müraciət edib. Qeyd etmək istərdim ki, səfirləri yalnız prezident vəzifəsindən azad edə bilər”- deyə Linkyaviçyus səfirin geri çağırılmadığını bildirib.
Qeyd edək ki, iyulun 8-də “YouTube” video xidmətinə iki Litva diplomatının telefon yazısı yüklənilib. Söhbətin “Şərq Tərəfdaşlığı” proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyini güman edilir. Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüblər, Litva parlamentində “Dağlıq Qarabağla dostluq qrupu”nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər. R.Yuşka telefon söhbətində Dağlıq Qarabağın “Artsax” adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib. Telefon danışıqlarında Litvanın Azərbaycandakı səfirinin də adı hallanır. Onun Yuşka ilə Türkmənistanı müzakirə etdiyi bildirilir.
Artıq Litvanın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı araşdırmalara başlayıb. Nazirlik bu araşdırmanın cox çətin olduğunu etiraf edir və bildirir ki, belə bir məsələyə biganə yanaşmaq olmaz.
Xatırladaq ki, bir müddət əvvəl xarici işlər naziri Linkyaviçyos sözügedən telefon danışıqlarının internetdə yayımlanmasını təxribat adlandırmışdı. Bəzi Litva analitikləri isə “bu təxribatın arxasında Rusiyanın dayandığını” iddia edirlər.
Onu da qeyd edək ki, ötən həftənin cümə günü Litva Xarici İşlər Nazirliyi səfiri Arturas Jurauskasın öz vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsini aldığını təsdiqləyib. Aparılan araşdırmalar çərçivəsində Litvanın Macarıstandakı səfiri Renatas Yuşka da nazirliyə çağırılıb.
Səbinə Həsənova
AzVision.az