Alman deputat Minsk qrupunda dəyişiklik təklif edir

Alman deputat Minsk qrupunda dəyişiklik təklif edir
  05 Avqust 2013    Oxunub:1258
Tankred Şipanski: „Fransanın mandatı Avropa Birliyinin mandatı ilə əvəz olunmalıdır“
AzVision.az Almaniya Bundestaqının deputatı Tankred Şipanskinin müsahibəsini təqdim edir:

- Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrdə Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonunun Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasını beynəlxalq hüquqa zidd adlandıraraq pisləyib və Ermənistan silahlı qüvvələrinin işğal altında olan ərazilərdən dərhal çıxarılmasını tələb edib. Almaniyanın Xarici İşlər Nazirliyi bu təşkilatın qətnamələrini dəstəkləyirmi?

- Biz BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələrini dəstəkləyirik və Avropa İttifaqı çərçivəsində həmin qətnamələrin tələblərinin yerinə yetirilməsi üçün səylər göstəririk. Beynəlxalq hüquqla Dağlıq Qarabağ Azərbaycan Resublikasının ayrılmaz tərkib hissəsidir.

- İyirmi ildən çoxdur ki, Azərbaycan Resublikasının 20 faiz ərazisi xarici silahlı qüvvələrin işğalı altındadır. Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünü öz doğma yurdlarına qayıda bilmir. Bununla da Azərbaycan, adam başına düşən qaçqın sayına görə dünyada birinci yerdədir. Şərq qonşuluğundakı tərəfdaşlarından birinın ərazi bütövlüyü prinsipi və eyni zamanda qaçqın və məcburi köçkünlərin hüquqları və taleyi Almaniya üçün nə dərəcədə vacib məsələdir?

- Azərbaycanın ərazi bütövlüyü və qaçqınların taleyi ayrılmaz şəkildə bir-biri ilə bağlıdır. Almaniya həm ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq, həm də Avropa İttifaqı çərçivəsində bu münaqişənin sülh yolu ilə həll olunmasına, qaçqın və məcburi köçkünlərin ağır taleyinə son qoyulmasına və onların təhlükəsiz şəraitdə öz dogma torpaqlarına geri dönməsinə çalışır.

- Azərbaycanın Almaniya və Qərblə ölkələrilə həm siyasi, həm də iqtisadi sahədə geniş mənada sıx tərəfdaşlıq edir. Bu tərəfdaşlığa Azərbaycanın hüquqlarının təmin olunması üçün regional dəstəklə cavab verilirmi?

- Almaniya vəAzərbaycanı uzunmüddətli iqtisadi, mədəni və siyasi tərəfdaşlıq bağlayır. Həmçinin Avropa İttifaqı miqyasında da biz uzun müddətdir ki, səmərəli formada əməkdaşlıq edirik. Belə ki, Azərbaycan 2004-cü ildə Avropa Qonşuluq Siyasətinə qəbul edilib. Bu sıx bağlılıq səbəbindən regionda sabitlik və təhlükəsizliyə töhvə vermək bizim üçün mühüm məsələdir.

- ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan çoxsaylı danışıqlara baxmayaraq, münaqişənin həlli prosesi irəliyə getmir. Hazırda Almaniya höküməti Avropa İttifaqı çərçivəsində daha fəal rol oynamağa çağırılır. Almaniyanın, münaqişənin tez və sülh yolu illə həll olunması və qonşuluqda yerləşən əhəmiyyətli regionun sabitliyinə töhvə verilməsi məqsədilə sülh prosesində daha fəal rol oynamaq və prosesə Avropa maraqlarına uyğun olaraq əməli impulslarla dəstək göstərmək istəyi varmı?

- Almaniya ATƏT-in Minsk Qrupunun üzvü kimi gələcəkdə də bu münaqişənin tez bir zamanda və sülh yolu ilə həll olunmasında fəal iştirak edəcək. Avropa İttifaqının gələcəkdə danışıqlarda bir səslə çıxış edə bilməsi üçün, Fransanın mandatı Avropa İttifaqının mandatı ilə əvəzlənə bilərdi.

Müsahibə AzVision.az saytı üçün Azərbaycan Tələbə Şəbəkəsi (Azerbaijan Student Network) tərəfindən götürülüb


Teqlər:





Xəbər lenti