QMİ Şamaxı rəsədxanasına etiraz etdi

QMİ Şamaxı rəsədxanasına etiraz etdi
  06 Avqust 2013    Oxunub:1154
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının ayın təzələnmə vaxtı ilə bağlı açıqlamasına etiraz edir.
QMİ sədrinin müavini Hacı Fuad Nurullah APA-ya açıqlamasında bildirib ki, bu məlumat dəqiq deyil, təqribən ola bilər.

Bunun ancaq QMİ-nin yaydığı cədvələ əsasən göstərilən bayram günündən bir gün əvvəl, yəni sabah bilinəcəyini deyən H.F. Nurullah qeyd edib ki, Rəsədxananın açıqladığı kimi, avqustun 6-dan 7-nə keçən gecə saat 02:52-də ayın yenilənəcəyi barədə QMİ-də məlumat yoxdur: “Bunu ancaq Allah bilər. Əgər Allah ayı yeniləməyibsə, bu insanlar əvvəldən bunu necə görə bilərlər? Necə təqribən deməyə bilər? Onlar əllərində olan riyazi hesabla ancaq ölçüb-biçib rsədxana kimi təqribən deyə bilərlər, bunu da bizimlə birgə ancaq deyə bilərlər”.

QMİ rəsmisi bununla bağlı öz nəzəriyyələrini də açıqlayıb: “Qanunauyğunluq odur ki, bizim üfüqə uyğun olaraq ayın yenilənməsini bir gün əvvəl, yəni sabah axşam biləcəyik. Bayrama bir gün qalmış ayın yenilənməsi sezilir”.

Xatırladaq ki, Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov açıqlamasında bildirib ki, Ramazan ayından sonra ayın təzələnməsi avqustun 6-dan 7- nə keçən gecə saat 02:52-də baş verəcək. Onun sözlərinə görə, yeni ayı 2-3 gündən sonra görmək mümkün olacaq: “Yeni ayı insanlar avqustun 9-dan nisbətən, 10-da isə tam görə biləcəklər”.

Qeyd edək ki, QMİ-nin Ramazan ayı münasibətilə açıqladığı təqvimə əsasən, avqustun 8-i Ramazan ayının son günüdür.



Teqlər:  





Xəbər lenti