İlk namizəd MSK-ya müraciət etdi

İlk namizəd MSK-ya müraciət etdi
  06 Avqust 2013    Oxunub:1134
“Azadlıq” Partiyasının sədri prezident olacağına da əmindir
Prezidentliyə iddialı olan “Azadlıq” partiyasının sədri Əhməd Oruc Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən ilk namizəd oldu.
O, avqustun 6-da bütün namizədlərdən əvvəl sənədlərini MSK-ya təqdim edib. Partiya sədri bildirib ki, MSK-da onu xoş qarşılayıblar və sənədlərini təqdim etməsinə şərait yaradıblar: “Lazım olan sənədləri təqdim etdik, bu, imza vərəqələri götürmək üçündür. Dedilər ki, bir neçə günə bizə məlumat veriləcək”.

Ə.Orucun sözlərinə görə, sənədlərini MSK-ya tez təqdim etməsinin səbəbi imza toplanması zamanı çox vaxt qazana bilməkdir: “MSK-nın qərarına görə, avqustun 5-dən etibarən seçki prosesi başlanıb. Qanuna görə, namizədin sənədlərinə cavab veriləndən sonra imza toplanmasına başlanacaq. Biz sənədlərimizi tez təqdim etdik ki, imza toplamaq çətin olmasın. Bir neçə gün ərzində sənədlərimizə cavab veriləcək, ya imtina edəcəklər, ya da imza vərəqələri verəcəklər. Düşünürəm ki, imtinaya əsas yoxdur, bütün sənədlər qaydasındadır”.

Qeyd edək ki, Ə.Oruc prezident seçiləcəyinə əmin olduğunu bildirib: “Qələbə qazanmağım millətin iradəsindən və seçki prosesindən asılıdır. Seçkiyə böyük ümidlər var”.(Yeni Müsavat)


Teqlər:  





Xəbər lenti